Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə
04.10.2023 - 14:11
Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə

“Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriqes klubun rəsmi saytına müsahibə verib.

Apasport.az xəbər verir ki, Misli Premyer Liqasının VIII turunun “Zirə” ilə oyununda (1:0) həlledici qola imza atan 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi həmin qarşılaşma və çempionat barədə fikirlərini açıqlayıb.

- “Zirə” ilə oyundan sonra özünüzü necə hiss edirsiniz?
- Açığı, oyun çox gərgin keçdi. Bunu gözləyirdik. Çünki qarşımızdakı komanda turnir cədvəlinin zirvəsində yer alırdı. Hazırlığımızı da buna uyğun görmüşdük. Bu komandanın oyun üslubu da fərqlidir. Biz isə yaxşı oynamağımıza rəğmən yenildiyimiz “Səbail”lə matçdan sonra mütləq qələbə qazanmalı idik. Səbirlə oynadıq, az səhv etdik və lazım olan qolu vurduq. İqor Ribeyronun qırmızı vərəqə almasına məyus oldum.

- Özünüzü oyunun qəhrəmanı hesab edirsiniz?
- Elə deməzdim. Futbol komanda oyunudur. Biz bu qələbəni kollektiv olaraq qazandıq. Qolu mən vurdum, amma ona qədər gör neçə futbolçumuz əziyyət çəkdi. Abdulla Rzayev cinahı təkbaşına yardı və topu mən olan nöqtəyə qədər daşıdı. Qəhrəman yox, xoşbəxtəm, çünki komandamın qələbə qazanmasına kömək edə bildim, liqada ilk qolumu vurdum. Komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirdik. Kiminsə əməyini itirmək, qiymətləndirməmək olmaz.

- Birinci dövrənin yekunlaşmasına cəmi bir tur qalıb. “Araz-Naxçıvan”ın çıxışını necə dəyərləndirirsiniz?
- Mövsümün əvvəlindəki vəziyyətimizi hər kəs bilir, yenidən sadalamaq istəmirəm. Bu günə qədər baş verənləri analiz etsək, müsbət dinamika və inkişaf edən “Araz-Naxçıvan” görərik. Ancaq bununla kifayətlənmək olmaz. İnkişaf daimi və davamlı olmalıdır.

- Dövrəyə “Sabah” matçıyla yekun vurulacaq. Ötən mövsümün bürünc medalçısı ilə görüşdən nə gözləyirsiz?
- İndiyə qədər keçirdiyimiz oyunların hamısı çətin keçib. Bu görüş də istisna deyil. Ancaq baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib. Digər oyunlara qələbə istəyi ilə çıxdığımız kimi bu dəfə də 3 xal qazanmaq üçün səfərə gedəcəyik. Dövrəni major notlarla yekunlaşdıraraq, milli fasiləyə müsbət əhvalla yollanmaq istəyirik.

- Premyer Liqa haqda nə deyə bilərsiniz? Gözlədiyinizdən daha maraqlıdır, yoxsa təxmin etdiyiniz kimidir?
- Misli Premyer Liqasının öz özəlliyi var. Portuqaliyada öyrəşdiyimdən fərqli, amma eyni dərəcədə rəqabətli və cəlbedici bir liqadır. Sadəcə, buradakı komandaların oyun üslubu başqadır.

writer photo
Əlirza Əlirzalı
0