“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"
13.10.2022 - 23:03
“Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"

“İlk növbədə oyunçularımı təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonzales Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən IV tur oyunundan sonra deyib.

İspaniyalı çalışdırıcı 0:0 hesabı ilə yekunlaşan matçdan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularım üçün belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil. Gələcəyə ümidlə baxırıq. Komandamızda bəzi itkilər var. Mvila da ağrılarla oynayırdı. Çalışacağıq ki, bu vəziyyətdən bir yerdə çıxaq”.

- Bakıdan hansı təəssüratla qayıdırsınız?
- Rəqib olsaq belə, stadion dolu olanda bundan zövq alıram. “Qarabağ” da baxımlı futbol oynayır. Onların azarkeşləri də yəqin ki, oyunlarından razıdır.

- Matça 3 mərkəz müdafiəçi ilə başladız, bir müddət sonra sistemi dəyişdiz, komanda sanki daha yaxşı oynadı. Gələcəkdə bu sistemdən yararlanmağı düşünürsüz?
- Həftəlik məşqlərə başlayanda 3 mərkəz müdafiəçisi ilə oynamaq planımız yox idi. Banın durumu qeyri-müəyyən idi. Sistemi dəyişəndən sonra gördük ki, belə daha yaxşıdır. Vrsalkonun fiziki durumu da yaxşı deyildi. Amma bu sistem gələcək üçün uğurlu ola bilər.

- Evdə və səfərdəki oyuna əsasən “Qarabağ” sizi nə ilə təəccübləndirdi?
- Dünən də demişdim ki, oradakı nəticə bizim üçün amansız oldu. Çünki ona layiq deyildik. Oyunun əsas hissəsində həm topa sahib olduq, həm dominantlıq etdik. Əsas fərq o idi ki, oradakı matçda hər dəfə səhv edəndə qapımızda qol gördük. Pireydə hücumda bir çox alternativi olan, bir-biri ilə yüksək səviyyədə anlaşması olan komandaya qarşı oynayırdıq. Onlara qarşı dominantlıq eləmək heç də asan deyildi. Bunu nəzərə almaq lazımdır.
 

writer photo
Əlirza Əlirzalı
0