"Kəpəz"in qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsi
- "Kəpəz" Tovuzda pis oynamasa da, Azərbaycan kubokunda mübarizəni dayandırdı. "Turan Tovuz"a qarşı matçı necə dəyərləndirisən? Səncə, niyə mərhələni adlamaq alınmadı?
- Yaxşı hazırlaşmışdıq. Oyunun məsuliyyətini dərk edirdik. Bilirdik ki, mərhələni keçmək lazımdır. Özü də həmin gücə qadir idik. Matça pis başladıq, qollar buraxdıq. Sonradan toparlanmağa çalışdıq. Bunu etdik. Üçüncü qolu vurmaq şansımız var idi. Penaltidən fərqlənə bilərdik. Təəssüf ki, hakim bunu vermədi. Yoxsa, gördü vermədi, bilmirəm. Bundan sonra dəfələrlə baxsan da, təmiz penaltidir. Adamı əsəbiləşdirən bilirsiz nədir? VAR gətirilib ki, futbolda gözdən qaçan səhvlərə yol verilməsin, komandaların haqqı bərpa edilsin. Amma haqqımız əlimizdən alındı. Təmiz, 100 faiz penalti idi. Hakim getdi, baxdı, niyə vermədi, onun qərarıdır, özü bilər, Allahı bilər. Amma bu qədər insanların haqqına girmək olmaz.
- Yarımfinala çıxa bilməməniz kollektivə təsir etdi?
- Bizə mənfi təsir etdi. Çünki toparlandıq, hesabı bərabərləşdirdik, o cür əziyyət çəkdik. Hətta qalib gələ bilərdik. Sadəcə elə vəziyyət yarandı ki, penaltimiz təyin olunmadı. Amma həmin durumdan çıxmışıq. "Zirə" oyununa hazırlaşırıq. Bu oyunda ancaq qələbə barədə düşünürük.
- "Zirə" ilə görüşdə "Kəpəz"in qalib gəlmək şansı nə qədərdir? Səncə, onları məğlub edə biləcəksiz?
- Həftəboyu yaxşı hazırlaşmışıq, məşqlərimiz də yaxşı keçib. Komandanın durumu da normaldır. "Zirə" ilə oyuna qələbə üçün gedirik. Meydanda mübarizə aparacağıq. Oyuna tam hazırıq. Ümidvaram ki, qalib gələn tərəf biz olarıq.
- Ümumiyyətlə, "Kəpəz"in qışa qədərki çıxışını necə dəyərlədndirirsən? Səncə, daha yaxşı ola bilərdiniz, yoxsa hazırkı nəticə nidə, qənaətbəxş saymaq olar?
- "Kəpəz" yeni qurulmuş kollektivə malikdir. Baş məşqçi də dəyişilib. Amma hər şey bundan da yaxşı ola bilərdi. Çempionatda daha çox xal qazana bilərdik, kubokda da mərhələ adlamaq mümkün idi. Bunlar hamısı sınaqdır, imtahandır. Yanvardan sonra komanda daha inamlı çıxış edəcək, toplanışdan daha güclü heyətlə qayıdacaq. Baş məşqçimizin, rəhbərliyin də niyyəti "Kəpəz"ə irəliyə aparmaqdır. Biz də futbolçu kimi komandanı qabağa aparaq üçün əlimizdən gələni edirik ki. Qış fasiləsindən sonra daha güclü "Kəpəz" görəcəksiniz.
- Bu mövsüm böyük futbola yenidən qayıtdın. Premyer Liqaya illər sonra döndün. Yüksək liqa klubunda əsas qapıçı olacağına inanırdın?
- İki ildən sonra böyük futbola qayıtmışam. Geridə qalan iki il mənim üçün dərs, imtahan, çətin, əziyyətli oldu. Çünki bütün ömrümü futbola həsr etmişəm. Çətinliklərim oldu, amma içimdə ümid var idi ki, nə vaxtsa qayıdacam. Gələndə özümü 1-ci və ya 3-cü qapıçı kimi hiss etmirdim. Amma inamım var idi ki, nə vaxtsa əsas heyətdə oynayıb komandaya kömək edəcəm. Məşq edib, şansımı gözləyirdim. Özümə inamım hələ də var. Hələ tam formada deyiləm, yanvardan sonra komandama daha çox kömək edəcəm.
- Qışdan sonra necə olacaq? Çünki komandaya cəlb edilmiş Mario Mustapiçin qayıtmaq məsələsi var...
- Rəqabəti xoşlayan qapıçıyam. Məşqlərdə nəsə etdiyim qapıçının yaxşı nəsə etməyini istəyirəm ki, mən də daha yaxşı məşq edim. Sağlam rəqabətdən qorxmuram. İstər Kamran olsun, istər Mustapiç, yaxşı qapıçılardır. Yenə də, öz məşqlərimi edib, baş məşqçimin şans verməyini gözləyəcəm.
- Qışdan sonra "Kəpəz"in heyəti güclənə bilər. Komandanın avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulması mümkündür?
- "Kəpəz"in heyəti güclənməlidir və ya buna ehtiyac varmı, bütün bunları baş məşqçimiz daha yaxşı bilir, onun verəcəyi qərardır. Bizim işimiz məşq edib, oyunlara tam hazır olmaqdır. Amma çempionatda şanslarımız hələ qalır. Azarkeşlərimiz çempionatın ikinci yarısında daha istəkli, daha güclü "Kəpəz" görəcək.
- "Kəpəz"də əsas qapıçıya çevrilməyin milliyə yolunu aça bilər? Çünki son illərdə bir az özünü yaxşı tərəfdən göstərən futbolçunu Canni De Byazi yığmaya çağırır. Yoxsa milliyə dəvət olunacağına heç ümidin yoxdur?
- Milli məni hər zaman düşündürən məqamlardandır. Çünki U-15-dən U-21 yığmasına qədər oynamışam. Müxtəlif dövrlərdə kapitan da olmuşam. Lakin əsas milliyə çağırılmamışam. "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı") və "Zirə"də oynayanda milliyə dəvət edilməmişəm. Amma heç vaxt küsməmişəm, inciməmişəm. Çünki milli qürur mənbəyimizdir. Nə vaxt çağırılsaq, qaça-qaça, təmənnasız getməyə hazırıq. "Kəpəz"də də möhkəmlənib oynayandan sonra inanıram ki, çağırarlar. Əsas məşqim, oyunumdur. Bunları edib, daim hazır olandan sonra inanıram ki, məni də milliyə dəvət edərlər.