Ozan Can Kökçü: “Nə danışsam, yanlış başa düşülər”
25.09.2022 - 23:01
Ozan Can Kökçü: “Nə danışsam, yanlış başa düşülər”

“Son 3 matçda qələbə qazandığımız üçün xoşbəxt və qürurluyuq. Həmin görüşlərin birində mən olmamışam. Bu uğuru növbəti turnirlərdə davam etdirməyə çalışacağıq”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü deyib. 

O, yığmanın Millətlər Liqasının qrup mərhələsinin son görüşündə Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Düşünürəm ki, hər şey yaxşı olacaq. Milli komanda elə bir yerdir ki, orda əsas heyətdə olacağına təminat yoxdur. Klubunda hər oyunu yaxşı keçirməlisən, çünki izlənilirsən. Yığmaya gələndə canla-başla mübarizə aparmağın vacibdir”. 

24 yaşlı yarımmüdafiəçi qardaşı Orkun Kökçünün Türkiyə, özünün Azərbaycan yığmasında oynamasına da münasibət bildirib: “Biz milliyyətçi ailəyik. Azərbaycan və Türkiyənin mənim üçün heç bir fərqi yoxdur. Ona görə də milli komanda formalarını ikimiz də uzun zaman geyinə bilərik”. 

Niderlandın II divizionunda oynayan Kökçü Azərbaycana qayıtmaq variantına da toxunub: “Nə danışsam, yanlış başa düşülər. “Qarabağ”, “Neftçi”, “Zirə”... Azərbaycanda yaxşı komandalar var. Futbolda sabah nəyin necə olacağını bilmək mümkün deyil. Hazırda "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərimiz də yaxşı gedir. Mövsümün sonunda necə olacağı bilinəcək”. 
 

writer photo
Əlirza Əlirzalı
0