“Özümüzü Premyer Liqadakı kimi göstərməliyik” - MÜSAHİBƏ
01.06.2022 - 13:34
“Özümüzü Premyer Liqadakı kimi göstərməliyik” - MÜSAHİBƏ

Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun 55 illik yubileyi münasibətilə təşkil olunan “1 uşaq - 1 top” futbol festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az saytının əməkdaşının da iştirak etdiyi konfransda çalışdırıcı qarşıya qoyulan hədəflərdən danışıb.

- Gənc məşqçisiz və klubda hədəflər böyükdür. Özünüzü bu çağırışa hazır sayırsız?
- Naxçıvan çox maraqlıdır. Bu maraqlı layihənin iştirakçısı kimi məni görmək istədilər. Tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşəndən sonra tam fərqli düşüncədə olduqlarını hiss etdim. Münasibətlərimizdə tam səmimiyyətin olması xoşdur. Naxçıvanda görülən işlər göz qabağındadır. Bu gün I Diviziondayıqsa, orada özümüzü Premyer Liqadakı kimi göstərməliyik. Qaydalardan da üstün olmalıyıq ki, elitaya namizədliyimizi qəbul etsinlər. Fikirləşdiyimiz işlər çoxdur. Əlavə stadionlarımız tikiləcək. Bununla bağlı rəhbərlik sözünü deyib. Tezliklə bu işlərə başlanacaq. Hər bir şeyi düşünürük. Uzun yola çıxmışıq, çalışacağıq axsamayaq, irəliləyək.

- Kütləviliyi keyfiyyətə çevirmək mümkün olacaqmı?
- 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün regionları öz döyüşkənliyi ilə seçildi. Naxçıvan da onların içindədir. Burada fərdi döyüş növləri üzrə nəticələr çox yüksək səviyyədədir. Məşqçinin istədiyi döyüşkənlikdir. Naxçıvanda bu var. Onu çərçivəyə salıb futbola lazım olan keyfiyyətləri üzə çıxaracağıq. Burada yetəri qədər 13-14 yaşlı futbolçular var. İnanıram ki, onlardan bir neçəsini yaxın vaxtlarda öz komandamızda, millilərdə görəcəyik. Döyüşkəndirlər, “bişirib”, yetişdirmək lazımdır. Ümumi planlarımız var. Türkiyədə 20 günlük təlim-məşq toplanışımız olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edəcəyik.

- Rəhbərlik qarşınıza konkret hansı məqsədi qoyub? Bunun üçün nə kimi addımları atacaqsız və legioner gətirəcəksiz?
- İlk görüşdən qaydaları qoyduq. Rəhbərlik elə təkliflər irəli sürdü ki, heç vaxt belə qaydalarla qarşılaşmamışam. Heç bir halda çempionluq hədəfi yoxdur, məqsəd gələcəyin komandasını qurmaqdır. Bu, məşqçi üçün də çağırışdır. Çünki gələcəyin komandasını qurmaq üçün də nəticə verməlisən. Mən həmişə nəticə vermək istəmişəm. Ən yaxşı nədirsə, onun uğrunda mübarizə aparmağa çalışacağıq. Premyer Liqaya çıxsaq, ilk “4-lüy”ə düşməyimiz indiki halda bir az qeyri-peşəkarlıq ola bilər. Çünki oradan düşə bilərik. Amma biz hər gün bir addım irəli getmək istəyirik. Çalışacağıq yaxın vaxtlarda milli komandanın üzvlərindən də istifadə edək. Azarkeşlərimizi, rəhbərliyi qələbələrlə sevindirmək istəyirik.

- I Divizionda komandanızı 15 səfər oyunu gözləyir. Bu, yorucu olmayacaq?
- Böyük komandalar 2-3 saatlıq uçuşları belə, eyni gündə edirlər. Bakıda komandamızın yerləşdiyi otel var, avtobusumuz da alınacaq. Yol məsələlərini fikirləşmişik. Bütün xərcləri nəzərə alanda digər klublar üçün də elə böyük fərq yaratmır. Heç nədən qorxmuruq. Düşündüyümüz hər gün inkişaf etməkdir. Naxçıvan elə regiondadır ki, yaxın ölkələrin – İran və Türkiyənin klubları ilə əməkdaşlıq edə bilərik. Futbolçunun inkişafı üçün səfərlər önəmlidir. Futbolçu artıq təyyarəyə minəndə “artırır”. Bizi daha yaxşı şeylərin gözlədiyini düşünürəm.

- Naxçıvanlı futoblçuların işə yanaşması necədir?
- Doqquz il Naxçıvanda futbolun olmaması böyük zərbələr vurub. İntizam və texniki tərəfdən axsaqlıqlar var idi. Region Liqasının sonuna yaxın yanaşma xeyli fərqli idi və bu məni sevindirirdi. Onlarda daha yuxarı qalxmaq üçün potensial olub-olmayacağını zaman göstərəcək. İnanıram ki, yaxın vaxtlarda Naxçıvanda yaxşı uşaqlar üzə çıxacaq.

Səlcuq Elçin / Naxçıvan

writer photo
Əlirza Əlirzalı
0