“Qarabağ”la oyunun estetikası yüksək səviyyədə idi, mübarizə “Lex”in cərimə meydanı yaxınlığında getdi”.
Apasport.az saytının məlumatına görə, bunu polşalı məşqçi Boquslav Kaçmarek Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutan “Lex” – “Qarabağ” oyunu barədə danışarkən deyib.
72 yaşlı mütəxəssis Polşa təmsilçisinin öz meydanında 1:0 hesablı qələbə qazanmasına baxmayaraq, Azərbaycan çempionunun daha baxımlı oyun ortaya qoyduğunu söyləyib: “Qarabağ”ın daha güclü müdafiə xəttinə malik olduğunu görmək olardı. Onlar topla danışırdılar və o, top da oyunboyu futbolçularını dinlədi. Bizim komandamız topa sahib olduqdan sonra onu uzun müddət özündə saxlaya bilmirdi, dərhal itirirdi. 1:0 hesabı ümidverici nəticədir, amma çox optimist olmamaq barədə xəbərdarlıq edirəm”.
Polşada bir neçə klubu çalışdırmış, milli komandada da köməkçi məşqçi kimi çalışmış Kaçmarek “Lex”in yeni baş məşqçisi Con van den Bromdan ümidli danışıb: “Niderlandlı mütəxəssislər adətən hücumameyilli oyuna üstünlük verirlər. Ancaq qısa müddətdə bunu görmək çətindir. Bu, Con van den Bromun ilk görüşü idi. Amma “Lex”in yaxşı mövqe tutması və ən baxımlı oynamasa da, qalib gəlməyi bacarması təsadüf deyil”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.