Avropa Liqasının qrup mərhələsində keçirilən ilk 4 turdan sonra oyunların birinci və ikinci hissəsinin ən yaxşıları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu ikinci klub turnirində Azərbaycanı təmsil edən “Qarabağ” da fərqlənənlər sırasındadır.
Ağdamlılar ikinci hissədəki performansına görə qrupundakı digər komanda “Frayburq”la birinci yeri bölüşdürür. Hər iki klub geridə qalan görüşlərin fasiləsindən sonra rəqibləri 6 dəfə mərkəzə dəvət edib və öz qapısının toxunulmazlığını qorumağı bacarıb. “Midtyullan”, “Real Sosyedad”, Belçika “Union”u və “Trabzonspor” da matçların fasiləsindən sonra 6 topa sevinib. Ancaq adıçəkilən komandalar ən azı 1 dəfə də olsun özü top buraxıb. “Qarabağ” və “Frayburq”la yanaşı, ikinci hissələri “quru” keçirən digər komanda “Arsenal”dır. İngiltərə klubu özü bu müddətdə 3 qol sevinci yaşayıb.
Birinci hissələrin lideri isə PSV-dir. Niderland klubu fasiləyə qədər vurduğu 7 qol müqabilində özü cəmi 1 dəfə topu tordan çıxarıb. Niderlandın digər təmsilçisi “Feyenoord” da 7 qolla diqqət çəkib. Ancaq onlar öz qapısından da 4 top buraxıb. “Frayburq” və “Betis” isə ilk 45 dəqiqədə 5 dəfə fərqlənib. “Qarabağ”ın birinci hissədəki ümumi top fərqi 1:2-dir.
Birinci hissələrdəki göstəriciyə görə ilk “10-luq:
1. PSV – 7:1
2. “Frayburq” – 5:1
3. “Feyenoord” – 7:4
4. “Betis” – 5:2
5-6. “Arsenal” – 4:1
5-6. “Sportinq” – 4:1
7. “Fənərbaxça” – 3:0
8. “Latsio” – 4:2
9. “Real Sosyedad” – 2:0
10. “Ferensvaroş” – 4:3
İkinci hissələrdəki göstəriciyə görə ilk “10-luq:
1-2. “Qarabağ” – 6:0
1-2. “Frayburq” – 6:0
3. “Real Sosyedad” – 6:1
4-6. “Midtyullan” – 6:2
4-6. “Union” – 6:2
4-6. “Trabzonspor” – 6:2
7. “Renn” – 5:2
8. “Arsenal” – 3:0
9. “Roma” – 5:3
10-11. “Mançester Yunayted” – 4:2
10-11. PSV – 4:2