“Qarabağ” dünya reytinqində 8 pillə irəlilədi
11.11.2022 - 13:15
“Qarabağ” dünya reytinqində 8 pillə irəlilədi

Klubların dünya sıralaması müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın yenə bir klubu yer alır.

301 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Ötən ay 91-ci pillədə qərarlaşan Ağdam klubu bu dəfə 8 addım irəliləyib. Azərbaycan çempionu 83-cü yerə qədər yüksəlib. Qurban Qurbanovun kollektivinin aktivində 143,5 xal var.

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” reytinqdə təmsilçimizdən geridə qalıb. Belçika klubu 80-ci pilləni 87-ci yerə dəyişib.

Reytinq cədvəlində lider dəyişib. Braziliya klubu “Flamenqo” zirvəni ələ keçirib. Adıçəkilən klub 329 xala malikdir. “Liverpul”da da irəliləyiş müşahidə olunub. İngiltərə nəhəngi (311 xal) 5-cilikdən 2-ci yerə qədər yüksəlib. İlk “üçlüy”ü isə ötən ay siyahıya başçılıq edən “Palmeyras” (Braziliya - 308) qapayır.

İlk “10-luğ”un digər pillələrində müvafiq olaraq “Real” (İspaniya), “Çelsi” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Benfika” (Portuqaliya), “İnter” (İtaliya) və “Leypsiq” (Almaniya) qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0