Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” digər tərəfdən transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam klubu yarımmüdafiə xəttinə daha bir oyunçu cəlb etmək niyyətindədir.
Baş məşqçi Qurban Qurbanov AEK-in pleymeykeri Paolo Fernandesə elçi düşüb. Yayda Yunanıstanın digər klubu “Volos”dan transfer edilən və həmin komandaya 6 aylıq icarəyə verilən ispaniyalı futbolçunun keçidi üçün “Qarabağ” qış fasiləsini gözləyir. 24 yaşlı ispaniyalının təmsilçisi ilə bu məsələ ilə bağlı ilkin müzakirə də aparılıb.
Ancaq “Saraqosa”nın yetirməsinin transferi üçün ilk növbədə AEK razı salınmalıdır. Çünki Fernandesin afinalılarla 2027-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Paolo Fernandesin ilk peşəkar klubu “Mançester Siti” olsa da, yarımmüdafiəçi “şəhərlilər”in əsas komandasının heyətində meydana çıxmayıb. Paolo sağ və sol vinger kimi də oynamağı bacarır.