“Qarabağ” - “Nant”: Nəhs kimə düşəcək?
14.09.2022 - 15:05
“Qarabağ” - “Nant”: Nəhs kimə düşəcək?

Avropa Liqasının II turunda “Qarabağ” “Nant”ı qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan və Fransa klublarının avrokuboklardakı 13-cü dueli olacaq.

Bunadək 6 dəfə yolları kəsişən ölkə təmsilçiləri üç dəfə olimpiya sistemi, üç dəfə dairəvi sistemdə rəqib olub. 13-cü, nəhs duel ərəfəsində aşkar üstünlük “Böyük beşlik” təmsilçisi tərəfdədir.

Azərbaycan komandaları 1 qələbə və 4 heç-heçəyə nail olubsa, fransalılar 7 dəfə qalib gəlib. Bunun da üçü böyükhesablı nəticədir. Məhz bu üzdən top fərqində də böyük üstünlük rəqiblərdədir – 6-22.

Yalnız iki komandamız – “Qarabağ”la “Qəbələ” üçrəngli ölkə klubları ilə qarşılaşıb. Ağdamlılar 8 matçda 3 heç-heçə ilə təsəlli tapıb və üçü böyükhesablı olmaqla 5 məğlubiyyət alıb. 3 qol vuran “Qarabağ” 18-ni buraxıb.

7-ci dəfə Fransa klubu ölkəmizə gəlib. Əvvəlki 6 oyunda təmsilçilərimiz 1 qələbə və 2 heç-heçəyə sevinib, 3 dəfə məğlubiyyət acısı yaşayıb. Top fərqi də xeyrimizə deyil – 3-9.

“Qarabağ” 4 dəfə - “Monpelye”, “Sent Etyenn”, “Monako” və “Marsel”i Bakıya gətirib. İki heç-heçə və eyni sayda yenilgisi olan komandamız 1 qol vurub və 7-ni buraxıb.

Qrup mərhələsindəki 6 matç təmsilçilərimizə heç-heçələrlə əldə olunan 3 xal gətirib. 3 dəfə minimal fərqlə uduzan komandalarımız 3 qol vurub və 6-nı buraxıb.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Nant” oyunu saat 20:45-də başlayacaq.

1999/2000 mövsümü, İntertoto kuboku
“Qarabağ” – “Monpelye” – 0:3, 0:6
2014/15 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Sent Etyenn” – 0:0, 1:1
2015/16 mövsümü, Avropa Liqası
“Monako” – “Qarabağ” – 1:0, 1:1
2016/17 mövsümü, Avropa Liqası
“Lill” – “Qəbələ” – 1:1, 0:1
“Sent Etyenn” – “Qəbələ” – 1:0, 2:1
2021/22 mövsümü, Konfrans Liqası
“Marsel” – “Qarabağ” – 3:1, 3:0
 

writer photo
Əlirza Əlirzalı
0