“Qarabağ”, sindromu qır – hər şey öz əlindədir
02.11.2022 - 13:00
“Qarabağ”, sindromu qır – hər şey öz əlindədir

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrupunda mübarizəni sabah başa vuracaq.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası son turda “Frayburq”la qarşılaşacaq.

VI turun görüşlər Ağdam klubu üçün çox vacibdir. Təmsilçimizin yoluna Avropa Liqasında davam edəcəyi, yoxsa Konfrans Liqasına yuvarlanacağı son turda bilinəcək.

“Qarabağ”ın taleyi öz əlindədir. Almaniya klubu üzərində qələbə pley-offa vəsiqə verir. İstənilən xal itkisi isə azarkeşləri “Olimpiakos”un “Nant”a uduzmamasına ümid etmək məcburiyyətində qoyacaq.

Qurbanovun komandası digər matçdan asılı vəziyyətə düşməmək üçün özünün son tur sindromunu qırmalıdır. Tarixində 9-cu dəfə qrupda oynayan “Qarabağ” heç vaxt son turda qalib gəlməyib.

Cəmi 2 dəfə qrupa heç-heçə ilə yekun vuran “Qarabağ” 6 dəfə son matçda uduzub. Bunun biri texniki nəticə olub, biri isə böyükhesablı yenilgi.

Son turun evdə baş tutan üç matçı da sevinc bəxş etməyib. Hətta Lüksemburqda asanlıqla darmadağın olunan “Düdelanj” da Bakıdakı son turda xal qazanıb. Daha aşağı səviyyəli Konfrans Liqasındakı VI tur da məğlubiyyətlə nəticələnib.

Bütün uğurlu və uğursuz seriyaların sonu olduğu kimi bu sindrom da qırılmalıdır. “Qarabağ” bunu “Frayburq”la görüşdə qırmalı və Avropa Liqasında yoluna davam etməlidir. Axı azarkeşlər Çempionlar Liqasının 8 uğursuzu sırasında yer alan “Barselona” kimi rəqiblərin Bakıya gəlməsini gözləyir. 

2014/15 mövsümü, Avropa Liqası
“Qarabağ” – “İnter” – 0:0
2015/16 mövsümü, Avropa Liqası
“Anderlext” – “Qarabağ” – 2:1
2016/17 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Fiorentina” – 1:2
2017/18 mövsümü, Çempionlar Liqası
“Roma” – “Qarabağ” – 1:0
2018/19 mövsümü, Avropa Liqası
“Arsenal” – “Qarabağ” – 1:0
2019/20 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Düdelanj” – 1:1
2020/21 mövsümü, Avropa Liqası
“Vilyarreal” – “Qarabağ” - +:-
2021/22 mövsümü, Konfrans Liqası
“Bazel” – “Qarabağ” – 3:0
2022/23 mövsümü, Avropa Liqası
“Qarabağ” – “Frayburq”
 

writer photo
Əlirza Əlirzalı
0