Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– Belə oyundan sonra danışmaq çətindir. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi. Bir xala layiq idik. Birinci hissədə qol vəziyyətlərimizdən istifadə edə bilmədik. Bəzi futbolçular toplanış keçməyib və yorğunluqları hiss olundu. Buna görə 5 əvəzetməyə məcbur olduq və temp düşdü. Sonda hücumsuz, bəsit iki qol buraxdıq. Məğlubiyyətə layiq deyildik. Yeni komandayıq, səhvlərimiz olacaq. Növbəti matça hazırlaşacağıq. Komanda düzgün yoldadır. Nəticə yaxşı olmasa da, futbol adına nələrsə var. Futbolçularımın potensialı var. Gələn oyunlara baxacağıq.
– Oyundan öncə sanki bir xala razı idiz…
– Nəticəyə baxanda demək olar. Buraxdığımız qola tez reaksiya verdik, amma sonra yenə buraxdıq. İlk hissədəki epizodları dəyərləndirsəydik, qələbə qazana bilərdik. Ümumilikdə, bərabərlik daha ədalətli olardı.
– Oyun planında nəyi düşünmüşdünüz və nə alınmadı?
– Cinahlardan hücumlara üstünlük vermək istəyirdik. Gələn matçda David Qomis də bizə qoşulacaq. Topa nəzarət və hücuma tez keçidlərdə cinahları işlətmək istəyirdik. Heyətdəki çox oyunçunun birinci matç idi, bir yerdə oynayırdılar. İdeal sistem üçün zamana ehtiyac var.