Xəbər verdiyimiz kimi, Polşanın "LKS Lods" klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədovu transfer etmək istəyir.
Məlumatı "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev apasport.az-a təsdiqləyib.
Klub rəsmisi Ağdam klubunun 28 yaşlı futbolçunun Polşa təmsilçisinə keçidinə icazə verdiyini bildirib: "Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə getməklə bağlı icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Prosesin uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. Klubumuz hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, hazırkı qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç bir futbolçunun buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçimiz Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik məsələyə etiraz etmədi".
Xatırladaq ki, Rahil Məmmədov 2018-ci ildən Ağdam komandasının formasını geyinir. Onun klubla müqaviləsi bu ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, LKS Polşa Ekstraklasasında 10 xalla sonuncu (18) pillədə qərarlaşıb.