"Ötən turda olan oxşar ssenari ilə üzləşdik. Rəqibdən 2 dəfə çox qol vurmaq şansımız oldu. Hətta daha çox qol vura bilərdik, amma hər şeydən əvvəl daha az qol buraxa bilərdik".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın Avropa Konfrans Liqasında rəqibi olan Belçikanın "Xent" komandasının baş məşqçisi Hein Vanhazebruk deyib.
"Xent" Belçika çempionatının XXV turunda "Vesterlo" ilə səfərdə 3:3 oynayıb. Son 3 matçda qalib gəlməyi bacarmayan "Xent"in baş məşqçisi 3 oyuna 9 top buraxmalarından narazılıq edib:
"Xoşbəxtlikdən əvvəlki turlarla müqayisədə bir qədər çox qol vururuq. Lakin son 3 oyunda qapımızdan da 9 top buraxmışıq və qarşısı aldıqlarımız da çox olub. Hər 3 xal üçün 4 dəfə qol vurmalısansa, qalib gəlmək çətin olur".
58 yaşlı məşqçi 3-cü topu buraxdıqdan sonra təslim olmamalarını vurğulayıb: "Xoşbəxtlikdən, oyunçular biz arxada qalanda təslim olmadılar. Güclü "Vesterlo"ya qarşı əvvəlcədən bu hesaba razı qala bilərdik. Amma sırf statistikaya baxsaq, daha çox qol vura bilərdik".
"Zalsburq"dan icarəyə götürülmüş mərkəz müdafiəçisi Kamil Pyontkovski zədə səbəbindən "Qarabağ"a qarşı oynaya bilməyəcək. O, son matçda zədələnib və 52-ci dəqiqədə əvəzlənib. Lakin Hein Vanhazebruk zədəli futbolçulardan danimarkalı yarımmüdafiəçi Endryu Yusaqer və anqolalı sol cinah müdafiəçisi Nuriu Fortunanın sağalacağına ümid edir.
Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə fevralın 23-də Xent şəhərində keçirəcək.