Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ
16.05.2023 - 15:28
Adil Şükürov: "Bunu bəzi məşqçilər və idarəçilər düşündürməlidir" - MÜSAHİBƏ

“Zirə”nin sabiq baş məşqçisi Adil Şükürovun apasport.az saytına müsahibəsi

- "Qarabağ" Azərbaycan  çempionu oldu. Amma bunu sona cəmi 3 tur qalmış edə bildilər. Sizcə bu mövsüm "Qarabağ" üçün çox çətin alındı?
- Çempionatın startından “Qarabağ” iddiasını ortaya qoydu və bunu da reallaşdırdı. Nəzərə alsaq ki, komanda Avropada və daxili çempionatda əvvəlki illərdə olduğundan daha kasad heyətlə mübarizə apardı. Düşünürəm ki, ağır oldu.

- "Qarabağ"la bu mövsüm "Neftçi" yox, "Sabah" çempionluq mübarizəsi aparırdı. Sizcə, Murad Musayevin komandasında finiş üçün nə çatmadı?
- "Neftçi"nin öz imkanlarından aşağı çıxış etməsi, heyətində olan futbolçulardan düzgün yararlana bilməməsi sonda komandanın qeyri-stabil oyununa səbəb oldu. Burada bir çox amillərdən danışmaq mümkündür. Bu cür heyətlə çempionluq yarışından dördüncü dövrənin əvvəlindən kənarda qalmaq "Neftçi" adına yaraşmayan və azarkeşlərin də haqlı narazılığına səbəb olan amildir. "Sabah"a gəldikdə, əvvəlki illərə nisbətən komanda bu il daha məqsədli, düzgün planlaşdırılmış şəkildə işə yanaşdı. Xüsusilə də, Murad Musayev gəlişindən sonra qısa müddətdə çempionata başqa rəng verdi. Onun bunu bacarması, yetərincə iş başında olan bəzi məşqçiləri və idarəçiləri düşündürməlidir. "Sabah" çempionluq yarışında bəzən hakim səhvlərindən, bəzən isə yersiz xal itkilərindən sonra geri düşdü. Amma ümumən komanda oyunu olaraq, məşqçinin fikirləri, məqsədə necə çatmaq üçün konkret verilən tapşırıqlar diqqətə layiqdir. Düşünmürəm ki, artıq "Qarabağ"ın çempionluğu dəqiqləşdiyindən "Sabah" Avropaya gedəcəyi komandanı formalaşdırmağa başlamalıdır.  

- "Qarabağ"ın çempionluğu ilə yanaşı, daha çox yeni legionerləri müzakirə edilir. Sizcə, Adama Diakabi, Yassin Benzia və Redon Cica gözlənilənləri verə bildilər?
- “Qarabağ” qışdan sonra transfer etdiyi legionerlərinin daha çox komandaya uyğunlaşma prosesindən keçməsi nəzərdə tutulmuşdu. Çünki əvvəlki illərdə görürdük ki, bu yöndə problemlər olur. Komandanın oyununa öz təsirini göstərirdi. Bu mövsüm isə həmin problemi bu cür aradan qaldırmaq istədilər. Bu oyunçuların zədələnməsi və ya “Qarabağ”ın çempionluğuna nə dərəcədə fayda verməsi isə başqa mövzunun söhbətdir. Məncə, adıçəkilən futbolçular haqda “Qarabağ”ın avrokuboklardakı çıxışından sonra nəsə fikir bildirə bilərik. 

- Sizcə, "Qarabağ" yayda yeni transferlər etməlidir ki, heyət güclənsin? Hər halda, qışdakı transferlər özlərini göstərə bilmədi...
- Transfer hər zaman hər komandaya lazımdır. Amma sırf “Qarabağ” haqda soruşursuzsa, məncə, bir transfer də olmalıdır. 

- Sabiq komandanız "Zirə" də avrokuboklar uğrunda mübarizə aparır. Sizcə, sonda bunu bacaracaqlar?
- “Zirə”nin avrokuboklarda iştirakı daha çox özündən yox, “Qəbələ” və “Neftçi”dən asılıdır. Məncə, hələ də şans var. Amma Avropaya komanda nə üçün çıxır və məqsəd nədir? Əvvəll bu bəlli olmalıdır.

writer photo
Əlirza Əlirzalı
0