Federasiya rəsmisi: “Elita üçün maliyyə dayanıqlılığımız var” - MÜSAHİBƏ
01.06.2022 - 13:58
Federasiya rəsmisi: “Elita üçün maliyyə dayanıqlılığımız var” - MÜSAHİBƏ

“Hər keçirilən tədbir, festival təcrübə deməkdir. Bizim də bu işləri gördükcə təcrübəmiz artacaq. Çatışmazlıqları aradan qaldıracağıq. Bu, ilk deyil, bundan sonrakı dönəmlərdə də sizi Naxçıvanda görməyə şad olarıq”.

Apasport.az saytının məlumatına görə, bunu Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.

Federasiya rəsmisi Naxçıvanda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- “Araz Naxçıvan” I diviziona əvvəlcədən hazırlaşırdı? Naxçıvan Azərbaycan futbol arenasına necə hazırlaşır?
- Yanvarda yenidən “Araz Naxçıvan” və federasiyanın struktur dəyişikliyindən sonra layihə hazırlandı. Biz tək “Araz Naxçıvan” komandasının yox, klub olaraq inkişaf etmək istədik. Uşaq futbol akademiyasının açılması, yeni formalar, regionlarda klubun filiallarının açılmasına da çalışırıq. Qarşıdakı 10 ildə inkişaf etmək, hədəflərə doğru irəliləmək niyyətindəyik. Peşəkar klub səviyyəsinə çatmaq üçün addımlar atırıq. Hədəfimiz klubu Premyer Liqaya çıxarmaqdır. AFFA və PFL rəhbərliyi ilə görüşdükdən sonra qərar verildi ki, bir il birinci divizionda oynayaq. Premyer Liqada şərtlər başqadır. Düşündük ki, bir il az deyil və qısa müddətdə ən azı məşq meydançaları düzəldə bilərik, aşağı yaş qruplarından ibarət komandalar formalaşdırarıq. Danışıqlardan sonra qərar verdik ki, birinci divizionda oynayaq. Müraciətlərimiz oldu, qəbul etdilər. “Araz Naxçıvan”ın 55 iliyinə gəldikdə, festivalı uşaq futboluna həsr etmişik. Bütün işlərimiz uşaq futbolunun inkişafına yönələcək. Hər kəs “Araz Naxçıvan” üçün stimul, motivasiya olacaq. Şəhərdə hər yer ağ-qırmızıya boyanıb. Həyəcan bir aydır davam edir. İnanırıq ki, bundan sonra da futbol kütləvilik alacaq. “Araz Naxçıvan”ı yaxşı yerə gətirmək üçün layihələri genişləndirəcəyik.

- Uzunoba təlim-məşq bazası haqda nə deyəcəksiz?
- 17 oyun qaydası var, onlardan biri də meydança amilidir. Bizə meydançalar lazımdır. Bu layihəni bir il əvvəl hazırladıq. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada boş ərazilər çoxdur. Oralar gələcək üçün düzəldilir, daha böyük meydançaların tikilməsi üçün addımlar atılacaq. Baza bir ildir açılıb. Sadəcə uşaqlar üçün təlim-məşq bazası kimi nəzərdə tutulub. 14 yaşa qədər olan uşaqların məşq etməsini nəzərə alırıq. Çimərlik futbolunun da inkişafına layihələr var. Orada yenidənqurma olacaq. Federasiyanın görəcəyi işlərindən biri də futzal növü ilə bağlıdır. 24 komandanın iştirakı ilə çempionat keçirmişik. Pandemiyaya görə yarımçıq qaldı. Bundan sonra keçirəcəyik.

- “Araz Naxçıvan”a maliyyə yardımı olacaq?
- Güclü maliyyə dəstəyi lazımdır. Eyni zamanda dəstəyin davamlılığı. “Araz Naxçıvan”ın idarə heyətində 4 iş adamı var. Naxçıvanda günü-gündən iqtisadi inkişaf davam edir. Bunun da nəticəsi kimi Naxçıvan futbolu bir yerlərə gəlməlidir. Biz maliyyə dayanıqlığını hiss edirik. 10 illik plan, proqram az deyil. Günün tələblərinə uyğun olaraq, ildən-ilə yüksəlmək istəyirik. Birinci divizion üçün maliyyə dayanıqlılığı bəllidir. Premyer Liqada da oynasaq, maliyyə dayanıqlılığı var. Tələblər artdıqca, mütləq maliyyə də artmalıdır.

- Daxili liqalarda oyunlar davam edəcək?
- Bəli, çempionatlarımız davam edəcək. 7 rayonumuz var və hər bir rayona bir iş adamı sponsorluq edəcək. Həvəskar komandalardır. Həmin sponsorlar komandalara şərait yaradıblar. Biz federasiya olaraq AFFA-ya da müraciət edirik. Onlar da köməyini əsirgəməyəcək. İlk mərhələ kimi həmin komandalara sponsor verildi. Region komandalarının hamısı Ədliyyə Nazirliyindən keçəcək və rəsmi komanda kimi iştirak edəcək. Buna qədər 8 komandamız var idi. Digər rayonlarda stadionların tikilməsi də nəzərdə tutulub. Bu il Naxçıvanda 4 stadiondan istifadə etdik. Bəzi rayonlarımızın stadionlarında paltardəyişmə otağında şərait qane etmədiyinə görə, Uzunobada oyunlar keçirdik, Şərur Olimpiya Kompleksində, “Araz Naxçıvan” stadionunda matçlar oldu. Ordubadda da stadion tikildi, orada da görüşlər keçirildi.

- Təhsil nazirliyi ilə əməkdaşlığınız olacaq? Xarici klublarla işbirliyi nəzərdə tutulub?
- Üç ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəbdir. Naxçıvanda futbolun inkişafı ilə bağlı inkişaf prosesi imzalanılacaq. Layihə Naxçıvanda da tətbiq olunacaq. AFFA-nın D kateqoriyalı kursları var ki, buradakı məktəblərdə məşqçilər üçün keçiriləcək. Biri artıq keçirildi. Ötən il C kateqoriyalı kurslar oldu. Artıq 14 məşqçimiz C kateqoriyası alıb. İşlər Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə paralel aparılmalıdır. Digər nazirliklərlə iş aparmaq məcburiyyətindəyik. Hər bir nazirlikdə bir əməkdaş Naxçıvan Futbol Federasiyasının üzvlüyünə qəbul edilib. Yaxın günlərdə AFFA, Naxçıvan Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Təhsil Nazirliyi arasında memorandum imzalanacaq. Xarici klublarla əməkdaşlığa gəldikdə, ABŞ-dan geyim şirkətilə müqavilə imzalayacağıq. Həmin müqavilədən sonra 100-dən çox klubla avtomatik əməkdaşlıq etmiş olacağıq. Uşaq komandalarının bura gəlməsi planlaşdırılır, məşqçilərimizin o klublara göndərilməsi prosesi baş verə bilər. Həmin şirkət “Araz Naxçıvan” üçün geyim dəstləri göndərib. Qısa zamanda onlarla görüşəcəyik.

- Həm federasiyada, həm də klubda çalışırsınız. Bu da qaydalara ziddir. Seçim qarşısında qalsaz, hansı seçimi edəcəksiz?
- Təbii ki, qaydalara ziddir. Müzakirələrimiz olub. “Araz Naxçıvan” üçün yeni prezidentin seçilməsi gözlənilir. Mənim federasiyada, yoxsa klubda davam etməyimə gəlincə, nə məsləhət olsa onu edəcəyik. Əsas odur ki, Naxçıvan futbolu qazansın. Bu da Azərbaycan futboluna öz töhfəsini verəcək. Hər bir bölgəmizdə futbolumuzun inkişafı Azərbaycan futbolunun inkişafına gətirib çıxaracaq.
Adil Şükürovun gəlişi barədə rəsmi olaraq açıqlama verə bilmirik. Onunla bir neçə görüş keçirmişik. Uşaq futbol akademiyalarının olmamasından danışırıq. Hər kəs futbol təhsili, məktəbi, akademiyası deyir. Bəs bu akademiya necə olmalıdır? Bununla bağlı heç bir layihə, proyekt ortaya qoyulmayıb. Avropa təcrübəsindən yararlanırıq, amma hansı təcrübəsindən? Biz də bu akademiyanı uzunmüddətli etmək üçün uzun müzakirələr aparmalıyıq. Sürətli düşünmək üçün artıq futbolçunun beyninə girərək bunu inkişaf etdirən adamlar da var.

- 2014-cü ildə “Araz Naxçıvan” futboldan çəkildi. 7 il ərzində Azərbaycan futbolunda nə dəyişdi ki, klub yenidən futbol ailəsinə qayıtmağa qərar verdi?
- Naxçıvanda inkişaf baxımından çox şey dəyişib. Hər şeyin vaxtı var. Zaman 2022-ci ilə təsadüf etdi. Futbolçu saxlamaq böyük maliyyə tələb edir. Onun maaşı digər insanlardan qat-qat çoxdursa, həmin bölgədə etirazlar olur. 44 günlük Vətən müharibəsindən sonra ümidlərimiz daha da artdı. Zəngəzur dəhlizinin artması demək Naxçıvanın Azərbaycan futbolu ilə qaynaşmasına gətirib çıxaracaq. Biz Premyer Liqada oynasaq, 8 yaş qrupumuz da Azərbaycan futboluna daxil olacaq. Biri var hava yolu ilə gedək, biri də var yaxın zonalarla yollanaq.

- AFFA 20 gün ərzində iki fərqli qərar verdi. Öncə sizi sevindirdi, daha sonra Region Liqasında texniki məğlubiyyət verildi. Sizcə, ədalətli qərar verilmişdi?
- Region Liqasına hazırlaşanda baş məşqçinin istəkləri nəzərə alınmışdı. Naxçıvanda güclü komandaların sayı o qədər çox deyil. Futbolçunun inkişafını zəif oyunlarda görə bilmərik. Ona görə də baş məşqçinin istəklərinə görə iki aylıq proqram təşkil edildi. Ərzurum toplanışı var idi, Bakıya bir neçə gün əvvəl gəldik. Həmin qərardan sonra klub rəhbəri Vüqar Abbasov otelə gedərək futbolçuları ətrafına yığıb dedi ki, siz meydançada oynadınız, qalibsiniz, amma bu oyunları yoldaşlıq görüşü kimi qəbul edin, bizə gələcəyin komandasını qurmaq lazımdır”. Əgər biz bu gün peşəkar addımlar atırıqsa, gələcək üçün proqramlarımız varsa, həvəskar liqada qalmağın heç bir mənası yox idi. AFFA-nın qərarı ədalətlidir, ya ədalətsiz, müzakirə etməyəcəyəm. 10 futbolçunu qeydiyyat şöbəsinə vermişdik, 5-i qəbul olundu. Ona lisenziya verilmişdi, biz də onu oynatmışıq. “Xan Lənkəran” başqa futbolçu haqda etiraz etmişdi. Onlar Elməddin Məmmədovla bağlı etirazını bildirmişdi. Şamaxıya gedəndə yolda bizə dedilər ki, qapıçı oynaya bilər. İkinci qapıçımızı oynatdıq.
Gələcəkdə bəlkə ikinci komandamız da oldu. Məsələn, Şərur ola bilər. “Araz Naxçıvan”nın heyətinin, onsuz da, 50-60 faizini Şərur futbol məktəbinin yetirmələri təşkil edir. Orada stadionların sayı çoxdur, futbol daha çox oynanılır.

Səlcuq Elçin / Naxçıvan

writer photo
Əlirza Əlirzalı
0