Qrup mərhələsinin yekunu: İngiltərə nəhənglərindən sonra “Qarabağ” – UEFA STATİSTİKASI
06.11.2022 - 13:09
Qrup mərhələsinin yekunu: İngiltərə nəhənglərindən sonra “Qarabağ” – UEFA STATİSTİKASI

Avropa Liqasının qrup mərhələsindəki oyunlardan sonra UEFA statistik göstəriciləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, G qrupunda mübarizə aparan “Qarabağ” bəzi göstəricilərdə öncüllər sırasında yer alıb.

- Turnir çərçivəsində ümumilikdə 7 dəfə zərbə mövqeyinə çıxan ağdamlılar çərçivəyə dəqiq zərbə sayına görə 5-ci olub. Azərbaycan çempionunun 36 cəhdi ünvana çatıb. Bu statistikaya başçılıq edən Portuqaliya təmsilçisi “Braqa” təmsilçimizi cəmi 2 zərbə qabaqlayıb. “Mançester Yunayted”, “Trabzonspor” və “Qarabağ”ın qrupdakı rəqibi “Frayburq” hərəyə 37 həmlə ilə 2-4-cü yerləri bölüşdürüblər.

- Geridə qalan 6 görüşdə orta hesabla topa sahib olmada Qurban Qurbanovun yetirmələri 7-ci pillədə qərarlaşıb. Ağdam klubunda göstərici 56,7 faizdir. Lider isə matçlarda orta hesabla 61,8 faiz topa sahib olan “Mançester Yunayted” olub.

- “Qarabağ” qrupda ən çox hücum cəhdi edən 3-cü komanda olub. Azərbaycan çempionu 247 dəfə qol üçün irəli atılıb. Onu isə İngiltərə nəhəngləri qabaqlayıb. Zirvədə 331 həmlə ilə “Mançester Yunayted” yer alıb. “Arsenal” 249 hücum cəhdi ilə ikinci yeri tutub.

- Çempionumuz geridə qalan 6 görüşdə ümumilikdə 37 dəfə künc zərbəsi yerinə yetirib. Ağdamlılar 3 komada ilə - “Mançester Yunayted”, “Renn” və “Nant”la eyni göstəriciyə malikdir. Onlar 4-cü yerə şərikdir. “Arsenal”, “Monako”, “Roma” hərəyə 40 kornerlə birinci yeri bölüşdürüb.

- Futbolçuları ən çox ofsayda düşən komanda Almaniya “Union”u olub (21 dəfə). “Qarabağ” 20 dəfə ofsayda düşməklə sıralamada ikinci yerdə qərar tutub.

Qeyd edək ki, qrupu 8 xalla üçüncü pillədə başa vuran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində mübarizəni davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0