Qurban Qurbanov: "Belə oyunda bəsit qərarlar olmaz" - MÜSAHİBƏ
08.10.2023 - 22:21
Qurban Qurbanov: "Belə oyunda bəsit qərarlar olmaz" - MÜSAHİBƏ

"Qarabağ" Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandaya təşəkkür edirəm. Azarkeşlər üçün çox yaxşı oyun göstərdilər, yaxşı mübarizə var idi. Hər iki komanda çox istəkli idi. Futbolçularıma da ayrıca təşəkkür edirəm ki, xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri oyunda oldu. Vacib oyun idi. İstəyirdik ki, tsikli qələbə ilə başa vuraq. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Yaxşı atmosfer olur həmişə. Əsasən də "Neftçi" - "Qarabağ" matçlarında.

- Oyun da gərgin oldu, siz də. Hətta ilk yarıda hakimə etiraz etdiz...
- Gərgin deyildim, oyunun içində idim. Qarşılaşmada olan notlardır. Bir neçə epizod oldu, bəlkə kənardan belə görürdük. Bəlkə də hansısa sarı kart verməli idi, vermədi, ya verməməli idi, verdi. Belə oyunda bəsit qərarlar olmaz. Ofsayd epizodunda gördüm ki, yox idi. Belə epizodları sona qədər buraxırlar. VAR var axı. O epizoda fikrimi bildirdim.

- İsveç səfərindən sonra "Qarabağ"ın daha ağır olacağı görünürdü. Amma tam əksini gördük...
- Düşünürdük ki, futbolçularda yorğunluq olacaq. Var idi də. İlk dəqiqələrdən bəzi oyunçular oyuna çətin girdilər, 10-15 dəqiqə daha rahat oynadılar. Heç üç sutka keçməmişdi "Hekken"lə görüşdən. Narahatçılığım da var idi. Bakıda oynasaydıq, daha rahat olardı. Gecəni yolda olduq. Belə oyunlarda xarakter lazım idi. Yorğunluğu beynindən atmaq, özünü məcbur etmək lazımdır. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə qalxıb. Sağ olsunlar, həqiqətən sona kimi dinamikanı qoruyub-saxladılar. Sona yaxın oyun bəlkə çox da baxımlı olmadı. Amma hər halda futbolçularım yorğunluğa baxmayaraq, xarakter göstərdilər.

- Milli komandalara görə fasilə yaranacaq. Hazırda komandanız yaxşı formadadır. Fasilə komandaya pis, yoxsa yaxşı təsir edəcək?
- Bəzi oyunçulara yaxşı təsir edəcək, bəzilərinə pis. Burada qalanlara 3 gün istirahət verəcəyik ki, fiziki və psixoloji yorğunluqları arxada qalsın. Ancaq millidə oynayanlarımız var. Leo və Patrikin oyunu ayın 17-dədir. Halbuki, 21-də səfər oyunumuz var. Onların da səfər matçları haralardadır, bilirsiniz. İkinci oyunları Fransadadır, Avropadır. İstirahət mütləq lazımdır. Hər bir halda milliyə gedir, öz millisi üçün ən yaxşısını etməlidir. Gərginliyə və oyunlara dözməlidirlər.

- "Səbail"lə matçdan sonra 6 oyun oynamısız və 6 fərqli heyət var. Komandanın sirri nədir ki, fərqli heyətlə oynasaz da, qalib gəlirsiz?
- Hər bir komandada çöküş olan vaxt var. Komanda öz optimal heyətini qoruyub-saxlaya bilməz. Vaxtında futbolçuları geri döndürmək lazımdır. Bilirdik ki, ciddi qrup və çempionat oyunları var. Biz daha çox vaxtı işimizə ayırdıq. Daha çox bazada olurduq. Rejimdəydik, əziyyət çəkdik, bəhrəsini gördük. Belə hallar olur. Bunu qoruyub-saxlamaq çətindir. Avrokubok oyunlarında iki dəfə artıq yorulur futbolçular. Aksiomadır. Böyük məşqçilər bunu deyir, böyük klublar bundan şikayət edir. Bədavi zədələndi, Juninyo riskli idi, Benziada ağrılar var idi. Zədəlilərimiz var. Amma həkim kollektivimiz bərpa və mikrozədə elementlərinə çox ciddi yanaşdılar, çox iş gördülər. Məncə, pis alınmadı. Böyük təcrübə oldu. Çünki bəzən elə olurdu ki, oyunun gedişatında Riçard Almeyda mərkəz müdafiəçisi oynayırdı. Rotasiyalar olurdu. Həm mənim, həm də futbolçular üçün böyük təcrübə oldu. Çətinlikləri düzgün qəbul edib, ona düzgün hazırlaşmaq hamımız üçün xoş oldu. Heç bir futbolçuya zədə arzulamıram. Azarkeş həmişə istəyir ki, yaxşı oyuna baxsın, meydanda sağlam, yaxşı futbolçular olsun. İnanıram ki, get-gedə bu problemlər də daha tez aradan qalxacaq. Təcrübə bunu deyir. Çox çalışdıq, bəhrəsini gördük.

- Sizcə, Julio Romao və Leandro Andrade yersiz sarı almadılar ki?
- Bəlkə ,yersiz verdilər? Bəli, bir az da sakit olmalıdılar, özlərini intizamlı aparmalıdılar. Amma belə epizodlarda hər iki oyunçuya eyni cəza ağır olur. Verməsəydi, daha yaxşı olardı. Azarkeş mübarizə istəyir. Heç birinə verməsə daha yaxşı olardı.

- Bəhlul və Bədavinin son durumu necədir?
- Bəhlul dünən yüngül yürüyüş, qaçış etdi. Sınığı var idi. Tez bərpa olunan məsələ deyil. Belə zədələrdən sonra məşqlərə başlayanda ağrılar çoxalır. Bədavidə birinci dərəcəli dartılma var. 10 gün komanda ilə olmayacaq. 

- Juninyo qollarını vurur, Cica da qol vurdu. Sizin üçün seçim etməkdə çətinlik olmayacaq?
- Əksinə, sevinirəm. Təki hamısı qol vursun. Sağlam kollektivimiz var. Cica qol vuranda, onu ən çox təbrik edən Juninyo oldu. Hamı bir-birinə hörmətlə yanaşır. Kollektiv olaraq hamımız dostuq.

writer photo
Əlirza Əlirzalı
0