Qurban Qurbanov: "Daha da irəliyə getməyə çalışırıq"
30.07.2024 - 23:09
Qurban Qurbanov: "Daha da irəliyə getməyə çalışırıq"

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşündə Bakıda "Linklon"u 5:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi QUrban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Olimpiya çempionumuzu təbrik etmək istəyirəm. Dünən baxırdıq, zövq aldıq ki, belə idmançımız var. Olimpiya oyunlarındakı bütün idmançılarımıza uğurlar arzulayıram. Hidayət Heydərova uğurlar arzulayıram, ailəsinə təşəkkür edirəm ki, belə övlad böyüdüblər. Öz komandama gəldikdə, təbrik edirəm. Qələbə öz yerində, çox səliqəli, intizamlı oyuna görə təşəkkürümü bildirirəm. Oyun intizamını qoruyub-saxladıq. Bu, qarşıdakı matçlarda bizə çox vacibdir. Azarkeşlərimizə təşəkkürlər, sayları çox idi. Digər klublarımıza da uğurlar arzulayıram.

- Aleksey Kaşuk oyununuza baxırdı. Onunla maraqlanırsız?

- Bakıya gəlməsindən məlumatsızam. Hansı komanda üçün gəlibsə, bilmirəm. Məlumatım yoxdur. Gəlibsə, bizi bəyənib, xoşu gəlib.

- Sizin üçün "Ludoqorets" uyğun rəqibdir, yoxsa "Dinamo?

- Hansı rəqib düşsün deyə düşünməmişəm. Oyunlarına baxdım. Çünki hər ikisi hər bir halda, rəqib ola bilərdi. Onlar haqda məlumat topladım. Hərəsinin öz özəlliyi var. "Ludoqorets" hiss olunur ki, yaxşı komandadır, yaxşı təcrübəsi var. Əsasən də Avropa təcrübəsi. Amma "Dinamo"nun aqressiv, aktiv, cavan oyunçuları çoxdur. Çox istəklidirlər. Hər iki komandanın öz özəlliyi var. Gözləyək ki, hansı rəqib olacaq.

- Premyer Liqada yeni mövsüm də başlayır. Mövsümdən nə gözləyirsiz?

- Bəli, dəyişikliklər olub. Komanda olaraq, çempionatın əvvəlində problemlərimiz olur. Çünki fikrimiz daha çox avrokuboklarda olur. Çalışırıq ki, liqa oyunlarına da ciddi yanaşaq, hazırlaşaq. Görünən odur ki, hamı üçün maraqlı çempionat olacaq. Fərqli rəqiblər, fərqli məşqçilər var. Hər oyuna daha ciddi yanaşmalıyıq. Həmişəki kimi düzgün qərarlar verməliyik. Bəzi oyunları itirməkdən qorxmalı deyilik. Futbolçuların sağlamlığını fikirləşməliyik. Xüsusən də sezonun əvvəlində rotasiyalara çox böyük ehtiyac olacaq. "Linkoln"la oyunlarda bəzi futbolçularda yorğunluq var idi.  Çətinliklər olsa da, rotasiyalarla yoluna qoymalıyıq.

- Mövsüm yeni başlayıb. Sizcə, bu iki matça baxanda, oyun planında hansı müsbət dəyişikliklər var?

- Avrokuboklara ilk mərhələdən başlamadıq. Futbolçular psixoloji cəhətdən daha hazırlıqlıdır. Ola bilər ki, bəzi oyunçuların təcrübəsi daha da çoxaldı. Xüsusilə də, cavan oyunçularımızın. Üstünlüklər çoxdur.


- "Qarabağ" bu qədər qol epizodu yaradır, bu qədər qollar vurur. Özünüz də hücumçu olmusuz. Heç belə fikir yaranır ki, kaş bu komandada özüm oynayardım?

- Heç, ağlımdan zərrə qədər də keçməyib. Mən burada olsaydım, bu komanda olmayacaqdı.

- Ardıcıl 11-ci dəfə avrokuboklarda qruplarda oynayacaqsız. Bu, sizin üçün nə deməkdir?

- Məsuliyyətimiz daha da çoxalır. Azarkeşlərin istəyi, tələbi daha da çoxalır. Tək mən yox, klub və futbolçular olaraq hamımız bunu dərk etməliyik ki, bunu qoruyub-saxlamaq üçün nə etməliyik? Bir cavabı var, o da çox çalışmaq. Qarşıya qoyulan minimum məqsədə çatdıq. Amma azarkeşlər bundan razıdır? Yox. Özümüz də yox. Daha da irəliyə getməyə çalışırıq. Məsuliyyət və iş saatımız daha da çoxalır. 

- AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere olacaq. Bu təyinata münasibətiniz necədir? Əcnəbinin HK-nin sədri olması yaxşıdır?

- İcraiyyə Komitəsinin son iclasında iştirak etmədim. Ölkədə yox idim. Fayda verəcək, ya verməyəcək, deyə bilmərəm. Hamımız üçün yeni simadır. Çox istəyərdim ki, bizim azərbaycanlılar orada olsun. Əgər belə qərar qəbul olunubsa, hansısa nüanslara görə olunub. Yaxın vaxtlarda orada da öz hakimlərimizi yetişdirmək lazımdır. Bir az fərqli mövqelərdir. Hakimlik və HK-nin sədri... Bəlkə də sədr olaraq, rəhbərliyə kadr tapmaq çətin oldu. Amma hər bir rəhbər hazırlamaq üçün vaxt lazımdır. Dərindən düşünmək lazımdır ki, o insanı həmin vəzifəyə qoysaq, idarəçiliyi apara bilər, ya olmaz. Çox istəyərdim ki, həmin sahələrdə, futbola aid sahələrdə öz kadrlarımız yetişsin, böyüsün, yaxşı idarəçilərimiz olsun. Yəqin ki, get-gedə qarşıdakı iclaslarda müzakirələr olacaq... Bir ildən, iki ildən sonra... Ümumi səsə qoyulacaq ki, hər sahədə öz kadrlarımız olsun. Bu da Azərbaycan futbolunun inkişafı üçün yollardan biri olmalıdır. Yeni gələnə də uğurlar arzulayıram. Keçən il hakimlikdən narazılıqlar çox oldu. Bəzən narazılıq çox olanda hakimlər də oyunu sərbəst idarə edə bilmirlər. Bilməyərəkdən də, yanlışlara yol verirlər. Hakimliyimiz kökü var. Olubsa, deməli yenə yaxşı ola bilər, inanıram ki, olacaq da.

- 11-ci dəfə avrokuboklarda qruplara vəsiqə qazandınız. Bu, heyəti qorumaq üçün sizə çətinlik yaradır. Transfer etmək üçün xeyir verir, yoxsa çətinlik yaranır?

- Buna normal baxıram. Hansı komandada uğur varsa, hansı futbolçu uğur qazanırsa, ona maraq çoxalır. Təcrübəmiz daha da çoxalır. Avropa arenasında daha da çox tanınırıq. Sırf komanda kimi yox, funksionerlərimiz digər klublarla təmasda olurlar, ünsiyyətləri olur. Bizim öz yerli kadrlarımızın, klub rəhbərliyində olan şəxslərin dünya görüşünün, futbolun inkişafının, həm də transfer mərhələsində daha da təcrübəli olmasına gətirib çıxarır. Əlimizdə şansımız varsa, heyətimizi maksimum qoryub-saxlamalıyıq. Hər il müəyyən müddət var. Ən çox vaxt ayırdığımız sahələrdən biri transferlərdir. Oyunçuları izləyirik. Amma elə olub ki, 4-5 transfer birdən etmişik, bəzən olub ki, heç etməmişik. Normal prosesdir. Çətinlik olsa da, futbolçularımızı qorumağa çalışırıq. Bu komanda 4-5 illik komanda deyil. 3-4 ildən bir komandada kiçik problem olduğu vaxtlar olur. Bizdə bu günə kimi 80-90 faiz pis alınmayıb. Hər bir futbolçu fikirləşmir ki, Avropada şansımız böyükdür. İlk olaraq çempionatımıza baxırlar. Premyer Liqamız real olaraq, Avropadakı çempionatlardan aşağıdır.

writer photo
Əlirza Əlirzalı
0