“Hamının uşaqlıq arzusu “Neftçi”də oynamaq idi və sonda buna nail oldum”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə 50 yaşlı mütəxəssis karyerasının ən böyük uğurlarından danışıb: “O vaxt düşünürdüm ki, “Neftçi”də oynaya bilsəm, başqa heç nə arzulamaram. Amma sonra milli komandaya düşməyi hədəflədim. Belə kiçik uğurlar böyük uğurun təməlini qoyur. Bunları əldə etdikcə düşünürdüm ki, başqasını da bacararam. Həm futbolçu, həm də məşqçi karyeramda bir neçə dəfə maraqlı anlar olub. Bu hisslər digər illərdə heç vaxt olmayıb. Bu, bəzən bir oyun olub. Onlardan biri futbolçu dönəmində Serbiya və Çernoqoriya ilə oyun idi. Bunu futbolçu karyeramın ən böyük uğuru sayıram. Məşqçilik karyeramda ilk avrokubok oyunum idi. “Rusenborq”la səfərdə qolsuz bərabərə qalmışdıq. Cavab matçı Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin matçdan əvvəl məşqçilik karyeramın ən gərgin anları idi. Böyük anşlaq olacağı da əvvəlcədən bilinirdi. Hamı şəhidlərimizdən, köçkünlərimizdən danışırdı ki, mütləq qalib gəlməliyik, onların acısını yaddan çıxaraq. Elə bir gün idi ki, bəlkə həyatımı verməyə hazır idim. Həmin oyun yaddaşlarımdan heç vaxt silinməyəcək. 8 çempionluğumuz, avrokubokların qruplarında iştirakımız olub. Amma həyatımın ən böyük uğuru Norveç klubu üzərində 1:0 hesablı qələbəmiz oldu. Özümün də bu dərəcədə həyəcanlı olduğumu bu günə kimi hiss etməmişəm. Bacardığımdan daha böyük uğur qazanmışam. Məndən daha böyük potensiallı futbolçular olub. Amma mənim qədər uğur qazana bilməyiblər. Qardaşımın hər zaman məsləhətlərinə qulaq asıram. Hətta bəzən deyirdim ki, udmuşuq, yenə danlayırsan”.