“Düşünmürəm ki, rəqibin təzyiqinin nəticəsində ikinci qolu buraxdıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda “Nant”a səfərdə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
O, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “İkinci hissədə rəqib aktiv oyunçuları meydana buraxdı. Yenə də 90 dəqiqə futbolçularım mükəmməl oynadılar. Hətta hesab 1:1 olarkən də müdafiədə oturmadıq. Futbolun gözəlliyi budur ki, son saniyələrdə qol olur. Futbolçular üzgündürlər. Hər birinə yaxınlaşdım, təsəlli verdim. Son saniyələrdə bütün azarkeşlər bizdən bəlkə də, qələbə qolu gözləyirdilər. Bunu reallaşdıra bilməməyimizə üzülürəm. Daha da gərginliyə tab gətirməliyik”.
Çalışdırıcı son turda “Frayburq”la Bakıda keçiriləcək görüşdə qələbə üçün meydana çıxacaqlarını vurğulayıb: “Bakıya inamla gedirik. Hazırda ikinci yerdəyik, əsas rəqibimizdən 1 xal öndəyik. Güclü rəqibə, mobil komandaya qarşı oynayacağıq. “Frayburq” qrupda məğlub olmayıb. Bu oyunun bizim futbolçulara böyük faydası olacaq. Məğlub olmaq barədə düşünmürük. Hətta uduzsaq belə, bu görüşün bizə böyük faydası olacaq”.
50 yaşlı mütəxəssis Marko Veşoviçi əvəzləməsini onun yorğunluğu da passivində sarı vərəqə olması ilə əlaqələndirib: “Veşoviç çox yaxşı oynadı. Rəqibin həmin cinahdakı oyunçuları da çox bacarıqlı idi. Oyunun gedişatına görə dəyişiklik elədik. Veşoviçin də yorğunluğu var idi, üstəlik sarı vərəqə almışdı. Ramil Şeydayevi də hücuma daha sürətli çıxmaq üçün meydana buraxdım. Futbolçularım mənə böyük ümid verdi. Bu stadionda çəkinmədik, çox yaxşı mübarizə apardıq”.
Qurbanov buraxılan birinci qolda Şahruddin Məhəmmədəliyevin səhvinə də toxunub: “Ümumən buna hazırlaşmışdıq. Onların necə pressinqlə çıxdıqlarını bilirdik. Texniki səhvdir, dünya futbolunda olan şeylərdir. Yaxşı futbol oynamaq istəyiriksə, bunlardan qorxmamalıyıq. Futbol pas oyunudur. Qapıçıdan başlayaraq hamı bunu bacarmalıdır. Yenə də bu oyunumuzdan əl çəkməyəcəyik”.
O, “Məğlubiyyətə əsas səbəb nə oldu”, - sualını belə cavablandırıb: “Nəsə səbəb demək düzgün olmaz. Çünki bu rəqibdən çəkinmədik. Müdafiədə oturmadıq. Futbol onsuz da səhvlər üzərində qurulub. Sadəcə, son saniyələrdə buraxılan qola görə səbəb demək düzgün çıxmaz. Nəticə öz əlimizdə idi. Kiçik epizod oldu. Rəqibin ustalığı topu bizim qapımız qarşısına yaxınlaşdırdı. Bəzi oyunlarda bəxtimiz gətirib, son saniyələrdə qol vurmuşuq. Bu gün 3 xal onların qismətində idi. Bu cür açıq oyunda çox qol da vura bilərsən, əksinə, qapında da görə bilərsən”.
Baş məşqçi qarşılaşmadan sonra futbolçularla görüşdə onlara nələr dediyini açıqlayıb: “Hər oyundan sonra fərqli-fərqli danışırıq. Belə yaxşı mübarizə olanda bəzi məğlubiyyətlərə çox üzülmürük. Komandanın xarakterli olması, çəkinməməsi mənim üçün vacibdir. Onların yanında olduğumu söylədim. Nəticə futbolun silinməyən qanunlarındandır. Əsasən məğlubiyyət zamanı möhkəm olmalıyıq ki, qarşıdakı işimizə faydası olsun. Mübarizəyə görə hamısını təbrik elədim. Öz üzərimizdə daha çox çalışmalı, belə oyunlara hazır olmalıyıq. Komandada çox dəyişiklik var. Böyümək üçün belə məğlubiyyətləri düzgün qəbul etməli və bunlara hazır olmalıyıq. Belədə qarşıdakı görüşlərin son saniyələrində daha soyuqqanlı olursan. İnanıram ki, Bakıdakı son matçda bundan da yaxşı oynayacağıq”.