“Çox gərgin matç oldu. Hava çox isti idi. Vacib qələbə qazandıq”.
Apasport.az-ın məlumatına görə, bunu HİK-ə (Finlandiya) 2:1 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının III mərhələsinin ilk görüşündə komandasının oyunundan razı qalıb. Qurbanov qol vəziyyətlərindən istifadə edə bilmədiklərini vurğulayıb: "Futbolçularımı təbrik etmək istəyirəm. Ciddi rəqibə qarşı oynayırdıq. Futbolçular belə havada sona kimi dözdülər. Azarkeşlərə təşəkkür edirəm. Düzünü desəm, rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımız idi. İstifadə edə bilmədiyimiz yüz faizli fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Özünüz bilirsiz. Düşünürəm ki, cavab oyununda tam əksi olar. Daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik. Üzümüz həmişə gülür, problem yoxdur".
- Bu qələbə pley-off şanslarını nə qədər artırdı?
- Qələbə hər halda üstünlükdür. Hər qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ ala bildilər. Bir az üstünlüyümüz var.
- HİK haqda ikinci "Rakuv" demişdiniz. Bu gün bunu görə bildiniz?
- Güclü, zəif deyə bilmərəm. Ümumi oyun modeli olaraq çox bənzəyirdilər.
- Finlandiyaya yolun uzaqlığını, havanın burdan fərqli olmasını nəzərə alsaq, səfərə erkən çıxmağı planlaşdırırsınız?
- Yox. Bir gün əvvəl gedəcəyik. Fürsətdən istifadə edərək "Sabah"ı qələbə münasibətilə təbrik edirən. İnanıram ki, səfərdə yaxşı nəticə qazanıb mərhələ keçib, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar.
- Stadionun ot örtüyü sizi qane etdi?
- Yaxşı idi.