"İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
51 yaşlı mütəxəssis Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkatmasına münasibət bildirib: “Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Mölde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".
Qeyd edək ki, sentyabrın 21-də başlayacaq qrup mərhələsində “Qarabağ”ın rəqibləri “Bayer”, “Molde” və “Haken” olacaq.