Beynəlxalq qurum Azərbaycanda cüdonun inkişafından yazdı - FOTO
04.01.2023 - 20:38
Beynəlxalq qurum Azərbaycanda cüdonun inkişafından yazdı - FOTO

Beynəlxalq Cüdo Federasiyasının (BCF) rəsmi saytında Azərbaycan Cüdo Federasiyasının 2022-ci ildə gördüyü işlər haqqında məqalə dərc olunub.

Apasport.az xəbər verir ki, məqalədə ötən il Azərbaycanda cüdo idman növünün 50 illiyinin qeyd edildiyi bildirilib. Məhz buna görə, 2022-ci il Azərbaycan Cüdo Federasiyası (ACF) üçün xüsusi önəm daşıyır və il boyu yubiley abu-havasında mühüm layihələr icra olunub. Məqalə müəllifi Nikolas Messnerin sözlərinə görə, Azərbaycanda cüdonun inkişafı indi bütün səviyyələrdə gedir və bu, şübhəsiz ki, davamlı nailiyyətin açarıdır.

Məqalədə 2022-ci il ərzində cüdonun ölkədə kütləvləşdirilməsi, məşqçilərin və hakimlərinin peşəkar səviyyəsinin artırılması, beynəlxalq seminarların təşkili, paytaxt Bakıda və regionlarda cüdo idman zallarının maddi-texniki təminatının möhkəmləndirilməsi, yeni cüdo zallarının tikilməsi, onların ən müasir avadanlıqlar ilə təchiz edilməsi və digər  istiqamətlərdə önəmli layihələr haqqında məlumat verilib.

Paytaxt Bakıda, o cümlədən Gəncə, Zaqatala və digər regionalarda gənclərin, yeniyetmələrinin və uşaqların iştirakı ilə cüdo üzrə ustad dərsləri keçirilib. Mərkəzi park ərazilərində, açıq havada tatamilər quraşdırıldı, cüdonun fəlsəfəsi, mahiyyəti və ümumi qaydalar haqqında yerli icmalara məlumat verilib. ACF-in bu təşəbbüsü ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 

Müəllifin sözlərinə görə, Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların təmsilçiliyini artırmaqdır. Bu il Azərbaycanda ilk dəfə olaraq yalnız qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb. Klubda altı yaşdan yuxarı qızlar məşq edir və artıq onlar ilk medallarını qazanmağa başlayıblar. Valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan bu təşəbbüs nəticəsində qısa bir zamanda klubda cüdo ilə məşğul olan qızların sayı iki dəfə artıb.

Həmçinin, məqalədə cari ilin ilk aylarından ACF tərəfindən regionlarda cüdo idman növü üzrə maddi-texniki bazanın yaxşılaşdırılması üçün kompleks tədbirlər haqqında məlumat verilib. Belə ki, Sumqayıt, Gəncə, Zaqatala, Qazax, Ağstafa, Sabirabad və digər şəhər və rayonlarda yeni cüdo zallarının tikintisi və mövcud zalların təmiri həyata keçirilməkdədir. Bununla yanaşı, indiyə qədər 37 cüdo idman zalına Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısının istehsalı olan 2500 ədədə yaxın cüdo tatamisi paylanılıb. Bu təşəbbüs nəticəsində qeyd edilən idman zallarında təxminən 600 nəfər idmançı ödənişsiz olaraq cüdo idman növü ilə məşğul olacaqlar. 2023-cü ildə də bu fəaliyyətin davam etdirilməsi planlaşdırılır.

ACF həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının artırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətlər görməkdədir. Belə ki, bu il ilk dəfə olaraq beynəlxalq dərəcəli hakimlərin sayı bu qədər artıb: Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev “A” kateqoriyalı hakim, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə “B” kateqoriyalı hakim statusu alıblar. Belə ki, ilk dəfə bir ildə 3 hakim “A” kateqoriyası əldə edib, ilk dəfə bir qadın hakimimiz “A” kateqoriyası qazanıb.

Məqalənin müəllifi Nikolas Messnerin sözlərinə görə, ACF uğurlu gələcək üçün qarşısına aydın məqsədlər qoyub və bu istiqamətdə təhsilin əhəmiyyəti və vacibliyini anlayır.

ACF BCF-in Akademiyası ilə ilk dəfə Azərbaycanın cüdo məşqçiləri üçün təhsil və sertifikatlaşdırma proqramı təşkil edib. 78 məşqçinin təhsil aldığı proqram çərçivəsində nəzəri hissə ilə yanaşı, 3 əyani seminar da təşkil edilib. Bunun nəticəsində 2023-cü ilin fevral ayında Azərbaycan cüdo məşqçilərinin ilk dəfə BCF-in Akademiyasının müvafiq sertifikatlarını əldə etmələri gözlənilir. Beynəlxalq Cüdo Federasiyası ilə uğurlu əməkdaşlıq çərçivəsində noyabr ayının sonunda BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə 150  hakim və məşqçi üçün seminar keçirilib.

ACF ölkədə idman jurnalistikasının inkişafına da töhfə vermək niyyətindədir və bu məqsədlə bu il bir sıra tədbirlər keçirib. Belə ki, ACF cüdo ilə bağlı yazan jurnalistlərin sayını artırmaq  məqsədi ilə müsabiqə elan edib. Həmçinin, bu il idman jurnalistlər üçün BCF-in media və kommunikasiya direktoru Nikolas Messner  tərəfindən seminar təşkil olunub. BCF-in fotoqrafları Qabriela Sabau və Tamuna Kulumbeqaşvili tərəfindən idman fotoqrafları üçün təlim keçirilib.

Məqalənin sonunda bildirilir ki, 2023-cü ildə AJF ölkədə və regionda cüdonun inkişafı istiqamətində fəaliyyətinin davam etdirəcək.

writer photo
Əlirza Əlirzalı
0