Qurban Qurbanov: “Səhvlərimiz oldu” - MÜSAHİBƏ
27.08.2023 - 23:19
Qurban Qurbanov: “Səhvlərimiz oldu” - MÜSAHİBƏ

“Oyunumuz istədiyimiz kimi alınmadı”.

Apasport.az saytı xəbər verir ki, bunu “Kəpəz”lə oyunda xal itirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra təcrübəli mütəxəssis səhvlər buraxdıqlarını etiraf edib: “"Kəpəz" və Azər Məmmədovu təbrik edirəm, yaxşı mübarizə apardılar. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Komandanı toparlayıb, hazırlıq səviyyəsinə gətirməliyik ki, "Olimpiya"ya qarşı matçda hər şey qaydasında olsun".

- Musa Qurbanlı bu gün İsveç çempionatında iki qol vurub, bir ötürmə edib. Onun haqda nə deyə bilərsiz?
- Bu gün oyunu olmasından xəbərim var idi. Onun uğurlarına ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Sabah oyunu izləməyə çalışacam. Oğlum olduğuna görə yox, azərbaycanlı olaraq uğur əldə edəcəksə, buna çox sevinəcəm.

- UEFA reytinqində daha çox xal gətirən komanda "Qarabağ"dır. Digər klublarımız isə bunu edə bilmir. Sizcə, niyə bir ölkənin reytinqinin yükünü yalnız "Qarabağ" çəkməlidir?
- Bu barədə fikir bildirməyim düzgün olmaz. İnanıram ki, gələcəkdə xallarımız çox olacaq. Səhv etmirəmsə, "Sabah" bu mövsüm üç oyunda qalib gəldi və az xal gətirmədi. Eləcə də, "Neftçi". Bəlkə də, oyun sayımız çox olduğuna görə, hansısa oyunumuz uğurlu alındı deyə, daha çox xal topladıq. İnanıram ki, gələcəkdə digər komandaların sayı da çox olacaq və bu, reytinqimizə təsir edəcək. Görünən odur ki, klublar son vaxtlar uğurlarına daha çox vaxt ayırırlar.

- Luke Quqeşaşvilinin komandadan ayrılması, Kadi Borgesin icarə əsasında geri qayıtması nə dərəcədə realdır?
- Məndə elə məlumat yoxdur. Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur.

- "Zirə" hazırda liderdir, dörd oyuna maksimum nəticə göstəriblər. Bu, sizin üçün xoş sürprizdir?
- Sürpriz deməzdim. Buna sevinirəm. Çünki orada tanıdığım insanlar, məşqçilər var. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov birincilərdəndir. "Zirə"də həm rəhbərlik, həm də Rəşad futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. "Zirə"yə görə sevinirəm və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq.

- Dörd matçda yeddi xal topladınız...
- Normal. Bəli, əvvəllər bəlkə bu dönəmdə daha yaxşı nəticələr olub. Amma vəziyyəti nəzərə alsaq... Daha çox futbolçuların üzərinə yükləmə düşür. İki gün səfərdə, iki gün burda. Bunlar heç də asan deyil. Başqa iqlimə adaptasiya oluruq, daha sonra yenidən Bakıya qayıdırıq. Məşq prossesi pozulur. İki gün səfərdə olanda, normal məşq edə bilmirsən. Amma qarşıdakı günlərdə, aylarda bunu yoluna qoyacağıq. Belə xal itkiləri olanda bəzən sevinirəm. Çünki futbolçu qarşıdakı matçlara daha ciddi hazırlaşacaq.  Görürlər və hamımız da bilirik ki, sıradan komanda yoxdur. Hamıya qarşı tam məsuliyyətlə hazırlaşmalıyıq.

- Andrey Lunyovun çıxışına necə qiymət verərdiz?
- Bizdə qiymət yoxdur. Normaldır. İlk oyunu idi. Düşünürəm ki, daha yaxşı olacaq.

writer photo
Əlirza Əlirzalı
0