Qurban Qurbanov: "Sonuncu çempionluq daha şirin olur" - MÜSAHİBƏ
13.05.2023 - 23:55
Qurban Qurbanov: "Sonuncu çempionluq daha şirin olur" - MÜSAHİBƏ

“Futbolçularım bu çempionluğa layiq idilər”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionluq təəssüratlarını bölüşərkən deyib.

“Qarabağ”a 10-cu dəfə Azərbaycan çempionluğu qazandıran təcrübəli mütəxəssis bildirib ki, bu il çox əziyyət çəkiblər: “Futbolçularımı təbrik edirəm. Bu il çox əziyyət çəkdilər. Həm avrokuboklarda, həm çempionatda oynadıq. Sıx qrafik var idi. Amma şükürlər olsun ki, hər şey düşündüyümüz kimi alındı. Bəzən zədəlilər, gedənlər oldu. Buna baxmayaraq tempi qoruyub-saxlaya bildik. Azarkeşlərimizin sevinci, bizimlə olması qüvvət verir. Onlara təşəkkür edirəm. Hələ qarşıda iki oyunumuz var”.

- Bu çempionluğun əvvəlkilərdən hansı fərqləri var?
- Hər çempionluq sanki daha vacib olur. Çünki tələblər çoxalır. Hər dəfə çempion olduqda yenə səndən çempionluq gözləyirlər, rəqiblər daha ciddi hazırlaşırlar. Mövsümdə bunun şahidi olduq. Nə qədər çətin oyunlarımız var idi. "Səbail" də bu gün çox yaxşı hazırlaşmışdı. Futbolçular elə səviyyəyə gəlib çıxır ki, heç bir rəqib digərindən çəkinmir. Sonuncu çempionluq daha vacib və şirin olur. Görünən odur ki, daha çox əziyyət çəkməliyik. Hansısa titulu əldə etdikdə sanki rahat nəfəs almağı düşünürük. Amma belə deyil. Əksinə, bizim rahat olmağa, futbol haqda düşünməməyə vaxtımız yoxdur. Azarkeşlər, sizlər, rəhbərlik tələb edir. Çempionluq bitdi, qarşıdakı turnirə hazırlaşmalıyıq. İlboyu işin içindəyik. Hər çempionluq daha vacib və dəyərli olur.

- Azərbaycanda 10-cu çempionluğa imza atmaqla daha bir ilk etdiniz....
- Bəli, 10-cu çempionluqdur. Hər bir çempionluq istənilən klubu daha da böyüdür. 10-cu çempionluq və iki böyük ulduz klubun tarixinə düşür. Çox sevinirəm ki, mənim dönəmimdə oldu. Buna uğurumuzun bir hissəsi kimi baxırıq.

- Növbəti iki turda daha az oynayan futbolmulara şans verəcəksiniz?
- Çox ciddi hazırlaşacağıq. Rotasiyalar olacaq, bu, qaçılmazdır. Mövsümboyu çox yorulan futbolçularımız var. Ola bilər ki, onlara başqa proqram tutaq. Bunu məşqçilərlə müzakirə edəcəyik. Əvəzedici heyətdən futbolçu götürməyə gəldikdə, belə fikrimiz yoxdur. Çünki, bizdə az oynayanlar yetərincə çoxdur. Onlara şans verməyi düşünəcəyik. Futbolçularımın hər birinə güvənirəm. Abdullah Zubir, Bədavi Hüseynov zədələnmişdi, bu gün yox idilər. Digər yorulan futbolçularımız da var. Ümumi, düzgün plan cızacağıq.

- 10 çempionluğun 9-u sizinlə bağlıdır. Deyəsən, Aleks Ferqyussondan geri qalırsız. Onun uğurunu təkrarlamaq istəyərsiz?
- Sırf onun uğurunu deməzdim. Daha çox çempionluq qazanmaq istəyərdim. İmkan varsa, daha çox çempion olmaq istəyərdik. Nə qədər buradayıq, futboldayıq, hər turnirdə maksimumu verməyə çalışacağıq. Çox istəyərdik ki, daha irəli gedək.

- Sevimli və uğurlu rəqəminiz 13-dür. Bu gün də 13 nömrəli futbolçu qol vurdu....
- Həm də ayın 13-dür (gülür). Rəqəmlərdə, belə şeylərdə uğur axtarmıram. Sadəcə istər-istəməz insanın marağını cəlb edir. Xırda elementə maraq daha çox olur. Ayın 13-də doğulmuşam, ona görə ona meyilliyəm. Amma bu, hər şey demək deyil. Ayın 13-ü olmayanda, 13 nömrəli futbolçu qol vurmayanda da çempionluq əldə etmişik. Nömrəyə görə yox, Bəhlula görə sevinirəm. Hər oyunda qol epizodları yaradırdı. Bundan sonra ola bilər ki, inamı daha çoxalar.

- Diakabi və Benzia avrokuboklar başlayana qədər tam hazır vəziyyətə gələcək?
- Bizim düşüncələrimizlə bu gün hər ikisi optimal formada olmalıydılar. Əfsuslar olsun ki, düşüncələrimiz düzgün olmadı. Sadəcə futbolda bəzən düşünmədiyin nəticələr, transferlər olur. Kimə daha çox güvənirsən, bəzən daha çox zədələnir. Abbas Hüseynov komandada fiziki cəhətlərinə görə üstünlərdəndir. Amma qış hazırlığında bəsit epizodda zədələndi. Buna görə sizə cavab verməyə ehtiyat edəcəm. Get-gedə zədələri geridə qoyacaqlar. Benziada hansısa problem olacağını düşünmürəm. Normal durumdaydı, əzələ problemi oldu. Diakabidə zədə sümük nahiyyəsindədir deyə, uzun çəkə bilər. Hər bir halda, hazırlıq dönəmində komanda ilə məşqlərə başlayacaqlar.

- Sona iki tur qalıb. Siyahıda kimlərin gedəcəyi və gələcəyi bəllidir?
- Gedəcəklər haqda tam düşünməmişəm. Həmişə futbolçularımı qoruyub-saxlamaq istəmişəm. Qarşılıqlı razılıq əldə olunmayanda, ayrılırıq. Gələcəklərlə isə danışıqlar gedir. Bəzən 100 faiz alınası futbolçu alınmır. Danışıqlar aparırıq. Bundan sonra daha ciddi danışacağıq. Çox istəyərdim ki, kollektiv tam qalsın və bir neçə nəfər də əlavə edilsin.

- Şenol Güneş "Qarabağ"ın uğurlarından danışdı və sizinlə ünsiyyətdə olduğunu dedi. Sizi Türkiyədə yetərincə tanıyırlar. Xaricə getməyi düşünürsüz?
- Əfsuslar olsun ki, "Sabah"- "Beşiktaş" oyununda iştirak edə bilmədim. Halbuki çox istəyərdim. İlk 15-17 dəqiqəyə baxdım. Çox maraqlı oyun gedirdi, gözəl atmosfer var idi. Şenol Günəşlə görüşməyi çox istəyərdim. Münasibətlərimiz çox yaxşıdır. "Səbail"lə oyunumuz bizim üçün çox vacib idi. Bugünkü performansa və belə oyun göstərdiyinə görə "Sabah"ın rəhbərliyinə təşəkkür edirəm. Belə görüşlər futbolun sevilməsinə gətirib çıxarır. Xaricə getməyə gəldikdə, hazırda buradayam. Həyatın işini bilmək olmaz. Bu komandaya çox sadiqəm. Çox istəyirəm ki, "Qarbaağ"ın uğurları daha bol olsun. Hazırda belə düşüncəm yoxdur. Gələcəkdə olsa, xəbəriniz olacaq.

- Bu mövsüm bir klubun Premyer Liqanı tərk etməsi gözlənilir. Sizcə, kimsə tərk etməlidir, yoxsa komanda sayı artırılmalıdır?
- Bu suala cavab vermək bəsitdir. Özümdən heç nə deməyəcəm. Reqlamentə görə, biri getməli, digəri gəlməlidir. Hansısa fikir bildirməyə ehtiyac yoxdur. Dəfələrlə demişəm, bunlar oturduğumuz yerdə fikir bildirəcəyimiz məsələlər deyil, müzakirə olunası suallardır. Fikir bildirməyimə ehtiyac yoxdur. Nəsə desəm, həyata keçiriləcək, keçirilməyəcək. Əgər reqlamentə uyğun addım atılacaqsa, cavab bəllidir.
 

writer photo
Əlirza Əlirzalı
0