"Canni De Byazinin postunda qalması gözlənilməz olmadı”.
Bunu apasport.az saytına “Səbail”in futbolçusu Rahid Əmirquliyev deyib.
34 yaşlı yarımmüdafiəçi vaxtilə kapitanı olduğu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin postunda saxlanılmasına münasibət bildirib: “Fikirləşirdim ki, onu indidən göndərsəydilər, vaxt itkisi olmazdı. Onsuz da, tsikl bitəndə onu yola salacaqlar. Tsikl başlamamışdan qabaq da bildirmişdim ki, De Byazi “qrupdakı komandalar güclü idi, heç nə edə bilmədik” deyəcək. Məncə onu postunda saxlamaq vaxt itkisidir. Bu, mənim fikrimdir. Başqasının fikri fərqli ola bilər. Hamının da fikrinə hörmətlə yanaşmaq lazımdır. De Byazi postundan getməli idi. Getməli idi deyəndə, özü gedən deyil. Onu göndərməli idilər. İtaliyalını postunda saxlamaq lazım deyildi".
Uzun illər milli komandamızın şərəfini qorumuş Əmirquliyev yığmaya yerli baş məşqçinin təyinatının tərəfdarı olduğunu bildirib: “Həmişə demişəm ki, Azərbaycan milli komandasına yerli məşqçi təyin etmək lazımdır. Ona da bir az vaxt vermək lazımdır ki, hər şey yaxşı olsun. Məncə, yerli baş məşqçi bundan pis ola bilməz. İndiki durumu hamımız görürük. Millimizin heyətində öz klubunda yaxşı, əla oynayan futbolçularımız da var. Yəni, hazırkı millimizin potensialı da yüksəkdir. Sadəcə, bu komandanı oynada bilən məşqçi lazımdır".
Qeyd edək ki, Rahid yığmadakı 60 oyunda 3 qol vurub.