Azərbaycan milli komandasının sabiq kapitanı Rail Məlikov apasport.az saytına müsahibə verib.
- Bu gün Azərbaycan millisi Monqolustanla oyuna çıxacaq. Ardınca isə millimizi Bolqarıstanla görüş gözləyir. Ümumiyyətlə, bu oyunlarda millimizdən nə gözləyirsən?
- Uzun fasilədən sonra millilər oynamalı idi. Bu durumda yığmalar tapılmalıdır. Rəqiblər Monqolustan və Bolqarıstandır. Monqolustan millisi haqda heç bir məlumatım yoxdur, heç nə deyə bilmərəm. Amma yığma yığmadır da. Oyun praktikasının azalmaması baxımından millimiz üçün bu görüşlər vacib idi. Fərq etməz rəqiblər kimdir. Bolqarıstan və Monqolustanla görüşlər lazımlı idi. Praktika üçün vacibdir.
- Müvəqqəti olaraq baş məşqçi postuna təyin edilmiş Arif Əsədovun postunda qalması Monqolustan və Bolqarıstanla görüşlərdən asılı ola bilər?
- Arif Əsədovla "Neftçi"də işləmişəm. Birlikdə çempionluq yaşamışıq. Arif müəllim yaxşı məşqçidir. Neçə illərdir ki, böyük futboldadır, həm də yığma komandamızda çalışır. Praktikası yetərincədir. Milli komandamızda yerli məşqçinin çalışmasının tərəfdarı olmuşam. Niyə də Arif Əsədov olmasın? Hər şey yaxşı alınsa, onu millinin baş məşqçi postunda saxlasalar, yaxşı olar. Buna mən yox, AFFA qərar verir. Arif müəllimi yaxından tanıyıram, yaxşı məşqçidir, şans versələr, yaxşı olardı. Təbii ki, oyunlardan asılıdır da. Qələbələr olsa, şans versələr, yaxşıdır.
- Milliyə dəvət edilənlərin çoxu Türkiyə, Ukrayna, İsveç, Niderland olmaqla xarici ölkədə legioner həyatı yaşayırlar. Yəqin ki, müsbət mənada təsiri olacaq milliyə?
- Bir tərəfdən yaxşıdır ki, əksər oyunçularımız legioner həyatı yaşayır. Milliyə də gəlirlər. Onları bir yerə toplayıb, praktikalarını artırmaq, bir-birinə alışdırmaq lazımdır. Yaxşıdır ki, millidə hamısı bir yerə toplanır. Kim hansı səviyyədədir, yeni tsiklin oyunlarına dəvət etmək olar ya, yox, buna baxmaq mənasında da, yaxşı şansdır. Burada heç bir problem yoxdur. Hər bir futbolçunun performansını görmək lazımdır.
- Bəs, səncə, özünü yaxşı tərəfdən göstərib, amma Arif Əsədovun siyahısına düşməyən oldu?
- Yoldaşlıq görüşləridir də. Kimsə dəvət edilməyibsə, o demək deyil ki, bundan sonra da dəvət edilməyəcək. Buna mən qərar verə bilmərəm. Millinin məşqçilər korpusu var. Hamısı oyunları izləyirlər, kimi məsləhət görüblər, onları da çağırıblar. İndiki heyət belədirsə, o demək deyil ki, bütün oyunlarda, tsikl, Millətlər Liqası görüşlərində yalnız onlar iştirak edəcək. Təbii ki, bu oyunçuların əvəzinə başqaları da gələcək, gedib-gələnlər olacaq. Hamını çağırmasalar da, bütün futbolçular nəzarətdədir, hər an dəvət edilə bilərlər.
- Diqqətçəkən məqam odur ki, millimizin hücum xəttində yer alan Renat Dadaşovla Musa Qurbanlı klubunda oynamır. Bu haqda fikrin necədir?
- Klublarında oynamasalar da, onları yığmadan silmək lazım deyil. Onların performansını bilirik. Klublarında oynamasalar da, ruh düşkünlüyü olmasın deyə, milliyə dəvət etmək lazımdır. Praktikalarının düşməməsi üçün onları millinin oyunlarını çağırmaqlarının düzgün hesab edirəm.
- “Qarabağ”ın müdafiə xəttinin əsas oyunçuları Bədavi Hüseynov və Bəhlul Mustafazadənin milli komandanın da əsas müdafiə xətti olacağını ehtimal edirsən?
- Bəli, yaxşı tandemdir. Kevin Medina zədələnəndə, Bədavi Hüseynov onun yoxluğunu çox da hiss etdirmədi. Ən yaxşı, etibarlı müdafiə tandemidir. Avrokuboklarda oynayırlar, praktikaları daha yüksəkdir. Məncə, elə onların ikisi idealdır. Yəqin ki, millidə də onlar oynayacaq. Onlar böyük klublara qarşı oynayırlar, hər şeyə hazırdırlar. Ən yaxşı müdafiəçinin kim olduğunu demək yalnış olar. Çünki hər bir müdafiəçi özünə görə hamıdan güclüdür. Sadəcə, praktikaları olduğu üçün indiki dönəmdə Bəhlulla Bədavi daha yaxşı görünürlər.
- “Araz-Naxçıvan”ın forvardı Orxan Əliyev bombardirlər siyahısındadır, amma dəvət edilmədi milliyə. Səncə, ona şans vermək olardı?
- Baş məşqçinin qərarıdır. Əsas odur ki, milliyə dəvət almasa da, bir çox oyunçular kimi nəzarətdədir. Zaman gələr, Allah qoysa, Orxanı da milliyə dəvət edərlər.
- Tez-tez sizin vaxtdakı və indiki milli müqayisə edilir. Səncə hansı daha güclüdür?
- Fərqli-fərqli zamanlardır, fərqli şəraitdir. İndiki oyunçular legioner həyatı yaşayır. Bizim vaxtımızda çox oyunçu legioner həyatı yaşamırdı, yerli çempionatda oynayırdı. Əvvəlki yığmalarla indiki tam fərqlidir. Amma hər yığma üzvü öz dönəmindəki kollektivi daha güclü hesab edir. Mən də öz yığmamıza daha çox üstünlük verərəm, indiki yığmada oynayanlar da öz kollektivinə üstünlük verər. Mən də, müqayisə etmək istəmirəm. Ən yaxşısı nədirsə, millimiz üçün olsun. Biz olduq, ya onlar oldu, fərqi yoxdur. Hamısı Azərbaycanımızın adını daşıyırlar. Onlardan qələbələr gözləyirik.