Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
08.06.2023 - 14:53
Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ

Azərbaycanlı futbol mütəxəssisi Ramin Quliyevin apasport.az saytına müsahibəsi 

- Azərbaycan kubokunu "Qəbələ" qazandı. "Neftçi"nin məğlub olacağını ehtimal edirdin?
- Mənim kimi bir çoxları da fikirləşirdi ki, "Neftçi" finalın favoritidir. Ancaq "Qəbələ"nin oynadığı ürəkli, istəkli və əzmkar oyun tam əksini göstərdi. Məncə, sona qədər oynadılar və qalib gəldilər.

- Onda "Qəbələ"nin kuboka layiq olduğunu düşünürsən?
- "Qəbələ" ilk dəqiqələrdən göstərdi ki, kubokun finalını oynamağa yox, kuboku götürməyə gəliblər. İlk dəqiqələrdən hücumlar edirdilər, nəticəyə getməkdə niyyətliydilər. Bu mənada, məncə, "Qəbələ" layiqli qələbəsini qazandı.  

- "Neftçi"də nə alınmadı?
- "Neftçi" əlindən gələni etməli idi ki, heç olmasa azarkeşləri bu kubokla təsəlli tapsın. Bu mövsüm onlar üçün uğursuz oldu. Çempionatda da, kubokda da istədiklərini edə bilmədilər. 

- Bu nədən qaynaqlana bilər?
- Bu mövsüm "Neftçi" sadəcə kollektiv oyunu göstərə bilmədi. Mövsümün gedişində uğurlu seriya olsa da, bunu sona qədər saxlaya bilmədilər. Həmin seriyanı saxlasaydılar, bəlkə də fərqli alınardı. 

- Laurentsiu Regekampf postundan göndərilərsə komandada vəziyyət düzələcək?
- Baş məşqçi getməlidir, ya qalmalıdır, bu barədə bir şey deyə bilmərəm. Doğru çıxmaz. Bunlar klubun daxili işləridir. Ancaq "Neftçi" həmişə yüksək yerlər üçün oynayıb. Bu mövsüm isə onlar üçün uğursuz hesab edilməlidir. Çünki klub heç bir titul qazana bilmədi.

- İstənilən halda, "Neftçi" üçün mübarizə davam edir, onlar yayda avrokuboklarda mübarizəyə başlayacaq. Qruplara düşmək üçün yəqin ki, heyət çox güclənməlidir?
- Sözsüz ki, heyət güclənməlidir. Bir neçə oyunçu ilə yollar hətta ayrılmalıdır. Çünki yüksək nəticələr üçün daha keyfiyyətli oyunçular lazımdır. Necə olacağını zaman göstərəcək. 

writer photo
Əlirza Əlirzalı
0