“Bizim üçün bir az üzücü oldu".
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının VIII turunda səfərdə “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə çox yaxşı oyun göstərdik. Qol vurduq, daha bir neçə qol vurmaq şanslarımız da oldu. Bunlardan yararlana bilmədik, nəticədə ikinci hissədə məğlub olduq. Futbolçularım dərk eləməlidir ki, futbol 90 dəqiqə oynanılır. Biz son saniyəyə qədər mübarizə aparmalıyıq. İkinci hissədə sadə səhvlərlə "Qarabağ"ın işini asanlaşdırdıq. "Qarabağ"la ilk oyunumuz idi. Növbəti matçda daha güclü olacağıq".
- İki fərqli hissə izlədik. Qələbə üçün nə çatmadı?
- İndi buna cavab verə bilmərəm. Oyunu analiz eləməliyəm. İlk hissədən sonra futbolçular "boşaldılar". Bu üzdən ikinci hissədə rəqibə çox epizod verdik. "Qarabağ" daha çox qol vura bilərdi. Qapımıza buraxdığımız ilk qolda pressinqdən çıxdılar və hücuma keçib qol vurdular. Yəni çox asan qol oldu. İki fərqli hissə izlədik, düzgün vurğuladınız.
- Əsas rəqibləriniz olan "Sabah" və "Qarabağ"la görüşdə hesabı açsanız da, uduzdunuz. Bu matçlarda oxşarlıq var?
- Məncə, fərqli ssenarilər oldu. Həmin görüşdə qapımıza 3 penalti verilmişdi. Bu gün ilk hissədə yaxşı oynadıq. Hücumdan müdafiəyə tez qayıtmalıyıq. Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu şanslar yarandı.
- Salomon Kverkveliyanın heyətdə olmaması nədən qaynaqlandı?
- O, millisinin düşərgəsindən gəlmişdi. Bu fasilədə Mamadu Mbodj üzərində çox yaxşı çalışdı. Həftəboyu məşqlərə əsasən belə qərar verdim.
- Kənardan belə göründü ki, problem əvəzetmələrdə idi. Bu barədə nə deyə bilərsiniz?
- Oyunçular və komandam haqda danışmaq istəmirəm. Bütövlükdə bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını eləməyə çalışır. Bütün oyunçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik. Hazırkı situasiya belədir. Qarşıdakı periodda hansı mövqedə oyunçu çatışmazlığı olduğuna, hara oyunçu cəlb etmək lazım olduğuna baxacağıq.
- Yəni heyətin kasad olması təsir edib?
- Bu prizmadan baxmaq istəmirəm ki, əvəzetmələr düzgün olmadı. Öməri İsmayılla əvəzlədim. Eyni ssenari olacaqdı. Hər ikisi yaxşı oyunçudur, gəncdir. "Qəbələ" ilə görüşdə də İsmayılı ilk hissədən sonra oyuna daxil oldu və görüşü dəyişdi. Bu gün də meydana daxil olandan sonra iki epizodda Qəbələdəki kimi asma eləməli idi. Bunu etmədi, arxaya oynadı. Ondan sonra gördüm ki, özünə inamı itirir, bu üzdən əvəzlədim. Demirəm ki, pis oyunçudur, sadəcə bu gün onun günü deyildi.
- Nəhayət ki, “Qarabağ”la derbinin canlı şahidi oldunuz. Nə deyə bilərsiniz?
- Mənə elə gəlir ki, nə etmək istədiyimizi görə bildiniz. Komanda ilk dəqiqələrdən futbol oynamağa, müdafiədə oturmamağa çalışdı. Bir çox epizodda yaxşı imkanı qaçırdıq. Birinci hissədə rəqibin də çoxlu qol epizodları oldu. Bu da normaldır. Onların geniş heyəti var, yaxşı oyunçular cəmləşib. Bu riski üzərimə götürdüm. Komandamın baxımlı futbol oynamasını xoşlayıram. Məncə, bu oyunu özümüzə dərs kimi götürməliyik. Dərk eləməliyik ki, oyun 90 dəqiqə davam edir.
- İsmayılın əvəzlənməyə etirazını gənc olduğu üçün bağışlayırsınız?
- Düzü, həmin anı görməmişəm. Əgər elə reaksiya göstəribsə, sevinirəm. Oyunçu əvəzləndiyi zaman narazı qalırsa, bu, yaxşıdır. Oyunçularımla matçın ardından paltardəyişmə otağında toplantı elədik, ağlımdan keçənlərin müzakirəsini apardıq. İsmayıl inkişaf eləməli və həqiqəti görməlidir. Futbolçuların adını pis yöndə hallandırmaqdan xoşum gəlmir.
- Azarkeşlər üçün “Qarabağ”a məğlubiyyət ikiqat üzücü olur. Onlara deyiləcək sözünüz var?
- Mənim üçün ikiqat yox, maksimum üzücüdür. Çünki bu matça qələbə qazanmaq üçün hazırlaşmışdıq. Fanatlar da ilk dəqiqələrdən bunu gördü. Görüş bitəndən sonra oyunçularla birlikdə azarkeşlərə tərəf getdik, onları alqışladıq. Sağ olsunlar, hər zaman arxamızdadırlar. Üzülmələri normaldır, mən də onlar qədər üzülürəm. Deyə bilərəm ki, “Qarabağ”la növbəti matçda daha yaxşı çıxış edib qələbə qazanmalıyıq.
- “Qarabağ”a çatmaq üçün “Neftçi”yə nə qədər vaxt lazımdır?
- Hazırda yalnız bu oyun barədə danışa bilərəm. Onlar bu gün qələbə qazandılar. Bu, yalnız bir matçdır. Görüşə yenidən baxmalı, nəyi pis elədiyimizi görməliyik. Biz “Neftçi”yik, kiməsə çatmağımıza ehtiyac yoxdur. Sadəcə, hər oyunda qələbə üçün çalışıb, sonda titul qazanmaq istəyirik. Bu, təkcə “Neftçi” və “Qarabağ” arasındakı mübarizə deyil.
- Müdafiənin sağ cinahında və bitirici hücumçu mövqeyində problem görünür. Bu mövqelərin gücləndirilməsini düşünürsünüz?
- İndi bu barədə danışmağım düzgün deyil. Hər bir oyunçuma inanıram. Onların üzərində gərgin çalışırıq ki, maksimum səviyyəyə çıxaraq. Görməlisiniz ki, yeni komanda qururuq. Nəticələrimiz də pis deyil. Futbolçulara daha da inkişaf eləmək və komanda şəklində uyğunlaşmaları üçün vaxt vermək lazımdır. İkinci hissədə bu fərq böyük göründü. “Qarabağ” güclü heyət qurub, uzun müddətdir bir yerdə oynayırlar, bir-birlərini yaxşı tanıyırlar. Biz düzgün yoldayıq, sağlam və güclü heyət qurmaq istəyirik. Bunun üçün vaxta ehtiyacımız var.
- Mert Çelik bəzi matçlarda müdafiənin sağında oynayıb. Onu həmin mövqedə sınamağı düşünmürsünüz?
- Gəlin bu oyun haqda danışaq. Oyunçularımı hər gün məşqdə görürəm. Sağ cinahımızda iki yaxşı oyunçumuz var. Oyundan-oyuna inkişaf eləməli, təcrübə qazanmalıdırlar. Hər matçdan sonra hansısa oyunçunu dəyişmək barədə düşünməyək. Böyük komandalarda belə şeylər düşünmürlər. Hansısa futbolçunun çıxışından razı olmaya bilərəm. Ancaq elə məşqçilərdən deyiləm ki, rəhbərliyin qarşısına qaçım deyib ki, onu dəyişmək lazımdır. İstəyim odur ki, hər oyunçuya kömək edim. Hazırkı vəziyyətdə biz daha yaxşı bir yerdə olmalıyıq.
- Mbodj yaxşı vəziyyətdə idisə, ikinci hissədə niyə əvəzləndi?
- Çünki növbəti addımımı hazırlamalıyam. İstəyirəm ki, bütün oyunçularımız hazır olsun. Mbodji pis oynadığı üçün dəyişmədim. Hesab artıq 1:3 idi. Salomonu meydana buraxdım ki, müdafiə xəttində pozitivlik yaratsın.