Regekampf: "Yaxşı pulun olsa da, komandan yaxşı olmaya bilər"
15.12.2022 - 16:44
Regekampf: "Yaxşı pulun olsa da, komandan yaxşı olmaya bilər"

“Dünyasını dəyişən jurnalist Elvin Rüstəmovun yaxınlarına başsağlığı verirəm. Onun ailəsinin yanındayıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XVII turunun “Turan Tovuz”la səfər matçından sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib: “Bilirdik ki, asan olmayacaq. Yaxşı infrastruktur yaradılıb, azarkeşlər gəlir. Amma meydança yaxşı deyil. Dəyişdirilsə, daha yaxşı olar. Çox yaxşı komandaları var. Onlar daha yaxşı meydana layiqdir. Belə görüşlərə hazırlaşmaq çətin olur. Biz təbii otda hazırlıq keçirik. Sonra gəlib süni örtükdə oynayanda çətinlik yaranır. İlk yarıdan sonra Fərid Yusiflini itirdik. O, toqquşma anında zədələndi. Futbolçular süni meydanda 100 faiz gücünü qoymağa qorxurdu. Bizə 3 xal lazım idi”.

Mütəxəssis zədə futbolçularından də danışıb: “Donyonun zədəsi qəribədir. 3-4 həftə əvvəl məşqdə zədələnib. Çox ağlasığmaz zədədir. Bunu izah edə bilmirəm. Qaçarkən sürüşdü və elə xəsarət aldı ki, sümüyü ağrıyır. Çalışdı ki, son görüşdə oynasın. Bu gün ağrılar kəskinləşdi. Azər Salahlı son dəqiqədə zədələndi. Eddi İsrafilov və Fərid Yuslflidə xroniki zədədir. Azər Əliyev əməliyyat olunub. Lazım gəldikcə dəyişikliklər edirik. Hamımız istəyirik ki, “Neftçi” digər komandalarla eyni səviyyədə oynasın və bunun üzərində işləyirik”.

Rumıniyalı heyətlə bağlı sualları da cavablandırıb: “Üç xal qazanmaq üçün hər şey etdik. Bunu hər bir komanda edir. Gördük ki, Almaniya, İspaniya uğursuz çıxış edib evə getdi. Bəzən futbol puldan asılı olmur. Yaxşı pulun olsa da, komandan yaxşı olmaya bilər. “Zirə” ilə çətin oyunumuz var. Zədəli futbolçularımız da var. Qış fasiləsində heyətlə bağlı rəhbərliklə görüşümüz olacaq. Kubokda dönüş yaratmağa çalışacağıq. Bu gün əvəzedicilərdən 5-6 oyunçu heyətimizdə idi. Düşünürəm ki, kubokda yaxşı nəticə əldə edə bilərik. Bu, baş verməyə də bilər”.

Qeyd edək ki, “Neftçi” səfərdə 1:0 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0