Reqekampf: "O cür buraxılan 2 qol gənc oyunçular üçün problem yaratdı"
14.04.2023 - 22:45
Reqekampf: "O cür buraxılan 2 qol gənc oyunçular üçün problem yaratdı"

"Oyuna çox pis başladıq. Topa sahib ola bilmirdik, sürətli oynamırdıq. Matçdan əvvəl də danışmışdıq ki, rəqib bizə pressinq tətbiq edəcək. Pressinqi üstələmək üçün yaxşı ötürmələr etməli idik. Bununla da oyununuz açılmalı idi. Amma bəxtimiz gətirmədi. Qapımızda ilk qolu gördük. Futbolda bəzən belə hallar baş verir. Bu haqda danışmaq istəmirəm. 2-ci qol penaltidən oldu. Hakim elə qərar veribsə, deməli, penalti idi. Bu da olmalı deyildi. Top Ömər Buludova gəlir, təkdir, təzyiq yoxdur, topu saxlaya bilər. O ötürməni mərkəzə yox, cinaha etmək lazımdır. Həmin epizoddan sonra penalti oldu. Bundan sonra oyunda dönüş yaratmağa çalışdıq. Yaxşı epizodlarımız oldu. Düşünürəm ki, o cür buraxılan 2 qol gənc oyunçular üçün problem yaratdı. Ona görə də fasilədən sonra 3 dəyişiklik etmək qərarı verdim. Bu gün gənc futbolçulara daha çox şans vermək istəyirdim. Amma reaksiya göstərməli idik. Düşünürəm ki, yaxşı oldu. Qol vurduq, şanslarımız oldu, yararlana bilmədik. Oyun heç-heçə bitsəydi, bizi sevindirərdi. Çünki matça yaxşı başlamamışdıq. Rəqibə böyük hədiyyə etmiş olduq. Bir neçə gündən sonra çox vacib kubok oyunumuz var. Bilirəm ki, hamı bu matça hazır olacaq. Oyunçularım başqa reaksiya göstərəcəklər. Süni örtüklü meydançadır, tribunalar da dolu olacaq. Futbol üçün yaxşı atmosfer olacaq. Kifayət qədər təcrübəli futbolçularımız var. Pozitiv düşünməliyik".

Apasport.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf Azərbaycan Premyer Liqasının XXX turunun "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Hiss olunur ki, daha çox kuboku düşünürsüz...

- Xeyr. Bu, həqiqət deyil. Hamı oyunu köklənmişdi. Həmişə növbəti matçı düşünmüşük. Bu gündən "Turan Tovuz"la oyunu düşünə bilməzdik. Qələbələrə davam etmək çox vacib idi. Çünki, hər qələbə yaxşı atmosfer verir. Bu gün ən yaxşı heyəti meydana buraxmağa çalışdım. Matçdan əvvəl Azər Əliyev zədələndi. İsmayıl və Ömər son oyuna sonradan yaxşı daxil olmuşdular. Düşünürəm ki, bu gün oynamağa layiq idilər. Fərid də son qarşılaşmada yaxşı oyun göstərmişdi. Bu gün də onlardan narazı qalmadım. Onlar gənc oyunçulardır. Öyrənməli, oynamalıdırlar. Bilirik ki, onlar səhvlər edə bilərlər. Oynamasalar necə inkişaf edə bilərlər? Eddi İsrafilov uzunmüddətli zədədən qayıdıb. Planda onu 30 dəqiqə oynatmaq idi. Amma hesaba görə ikinci hissədə oyuna daxil etməli olduq. Fərid sarı vərəqə görmüşdü, ikinci sarıya meyilli idi. Ataa Caber və Vato Arveladze zədəlidir. Əlimizdə olan yeganə seçimlər idi. Düşünürəm ki, komandada kifayət qədər keyfiyyət var. Nəticəni neqativ görmürəm. Bu, bizim üçün soyuq duş oldu. Oyanmalıyıq. Çünki, bizi kubokda çox çətin oyun gözləyir. Öz oyunçularıma, komandama inanıram.

- Matçın əvvəli niyə pis alındı?

- Bayaq dediyim kimi, bizim üçün çox pis gecə oldu. Futbolda belə şeylər baş verir. Futbolçular robot deyillər. Onların da pis anları ola bilər. Dərhal analiz etsək, çox şey görə bilərik. Amma bir neçə gün sonra vacib oyunumuz var. Bu ay bizim üçün çox vacibdir. Əlbəttə ki, oyunu təhlil edib səhvlərə baxacağıq. 

- Əsas rəqiblərinizin qarşılaşacağı həftədə məğlub olmağınız psixoloji cəhətdən necə təsir edəcək?

- Düşünürdük ki, yaxşı oynayıb qələbə qazanaq. Bizim günümüz olmadı. İrəliyə baxmalıyıq. Əlbəttə üzücüdür, amma artıq gecdir.

writer photo
Əlirza Əlirzalı
0