"Neftçi"nin sabiq futbolçusu Rəşad Eyyubovun apasport.az saytına müsahibəsi
-"Neftçi"nin son turda "Sabah"a məğlub olmasını necə şərh edərdin? Bu cür nəticəni ehtimal edirdin?
-“Neftçi”nin hər oyununu izləməyə çalışıram. Hər matçda komandanın heç bir irəliləyiş əldə etmədiyinə bir az daha əmin oluram. Bu həm fərdi, həm də komanda şəklində belədir. Ona görə də son matçda komandadan xüsusi heç nə gözləmirdim. Ən yaxşı halda heç-heçə ola bilərdi.
-Kənardan "Neftçi" necə görünür, güclü, yoxsa çarəsiz və zəif?
-Kənardan baxanda komanda zəngin tarixə malik klub kimi deyil, hələ yolun əvvəlində olan komanda kimi görünür. Bu həm idarəetməyə, həm də oyuna aiddir. Amma bilmək olmaz. Bəlkə də çox yaxın gələcəkdə klub üçün bu yeni yolun bəhrələrini görməyə başlayacağıq.
- Nə Adrian Mutu, nə də yeni transferlər sanki komandaya kömək edə bilmir. Bu barədə nə deyəcəksən?
-Düşünürəm ki, “Neftçi”nin yeni transferlərinin uyğunlaşması üçün nəzərdə tutulan vaxt çoxdan bitib. Amma deyəsən bu onların tam potensialıdır. Legionerlər oyunu müəyyənləşdirməli və ortaya fərq qoymalıdırlar. Amma indiki durumda belə deyil. Yeni transferlərdən yalnız Qara Qarayev ortada sabitlik göstərir.
-Nə qədər zaman lazımdır ki, Mutu "Neftçi"də oyun dəst-xəttini qursun və uğurlu nəticələr qazansın? Razısan ki, “Neftçi”də oyun şəkli görünmür?
-Bəli, məşqçiyə vaxt lazımdır, razıyam, amma eyni zamanda potensialı hiss etmək lazımdır. Komanda bəzən zəif, bəzən yaxşı oynaya bilər, amma kənardan məşqçinin mənzərəsi, fəlsəfəsi görünməlidir. Hazırda bilmirəm, “Neftçi” “Qarabağ” kimi topa nəzarət etmək istəyir, yoxsa əks-hücumlarla oynamaq. Yoxsa Roberto Bordinin rəhbərliyi altında olduğu kimi azad zonalara hücumçuları açıb, aqressiv hücum etmək istəyir.... Hələ heç nə görünmür.
-“Neftçi”nin gücü çempionluq uğrunda mübarizə aparmağa yetəcək?
-Düşünürəm ki, indi çempionat stabil deyil və aşkar favorit yoxdur. Amma birinci yerlə olan xal fərqi getdikcə artır. Düşünürəm ki, indi klub diqqətini daha çox oyun keyfiyyətinə yönəltməlidir.