Rəşad Əzizli: "Ümid edirəm ki, "Qəbələ" Premyer Liqada qalacaq"
13.05.2024 - 18:38
Rəşad Əzizli: "Ümid edirəm ki, "Qəbələ" Premyer Liqada qalacaq"

"Qəbələ"nin qapıçısı Rəşad Əzizli apasport.az saytına açıqlamasında komandasının son turda "Sabah"a qalib gəldiyi oyunu şərh edib.

Bununla yanaşı, o, AFFA-nın "Qəbələ"ni Premyer Liqada saxlayacağına ümid etdiyini dilə gətirib:

"Sabah"la matça yaxşı başladıq. İlk yarıda fasilələrlə topa sahib olurduq, düşən fürsətdən 100 faiz yararlandıq. İkinci hissədə isə rəqib qırmızı vərəqə aldıqdan sonra artıq tələsməməyə, rahat oynamağa, top saxlamağa keçdik. Hər halda, sonda qalib gəlməyi bacardıq. Ardıcıl iki oyundur ki, qələbə qazanırıq. Premyer Liqadan düşsək də, son turları yaxşı keçirmək üçün çox çalışırıq. Bilirsiz, mövsüm ərzində bizdə çox bəxtsizliklər oldu. Bunları da çalışırıq ki, heç olmasa, son oyunlarda qalib gələrək unutduraq. Biz həmişə istəkli olmuşuq, vuruşmuşuq. Sadəcə alınmırdı, indi alınır. AFFA İntizam Komitəsinin necə qərar verəcəyini görəcəyik. İnanıram ki, "Qəbələ" Premyer Liqada qalacaq. Məncə, yeni AFFA rəhbərliyi futbolumuzun inkişafını daha çox düşünür və nələrsə, etməyə çalışırlar. Yeni sezondan liqada 12 komanda da ola bilər. Ona görə də, "Qəbələ"ni də saxlamaq olar. Hər halda, veriləcək qərardan çox şey asılıdır. İdman prinsiplərini də unutmaq olmaz. Əsas odur ki, verilən hər qərar futbolumuza xeyir versin".

O, sonda yeni sezona harada başlamaq ehtimalı haqda isə bunları deyib: "Bu barədə hələ düşünmürəm. Müqaviləm yayda bitəcək və mövsüm başa çatdıqdan sonra götür-qoy edəcəm".

writer photo
Əlirza Əlirzalı
0