Rəşad Sadıqov: “Futbolçularım rəqibdən çəkinmədilər”
29.07.2022 - 09:18
Rəşad Sadıqov: “Futbolçularım rəqibdən çəkinmədilər”

“Maraqlı oyuna şahid olduq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Güclü rəqibə qarşı hər iki oyunda çəkinmədilər, inamlı mübarizə apardılar”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” klubuna qarşı keçirilən səfər oyunu barədə danışarkən deyib.

Bakıda rəqibinə 0:3 hesabı ilə məğlub olan Bakı təmsilçisi Təl-Əvivdə qollu bərabərə qalaraq, turnirlə vidalaşıb. Sadıqov oyunsonrası mətbuat konfransında “Dalğa Arena”dakı matçda buraxılan səhvlərin həlledici olduğunu vurğulayıb: “Makkabi”yə qarşı səfərdə oynamaq həmişə çətin olsa da, maraqlı görüş izlədik. Həm bizdə, həm də rəqibdə qol imkanları olsa da, hesab açılmadı. Mərhələni “Makkabi”nin keçməsində ilk matçda buraxdığımız bəzi səhvlər həlledici rol oynadı. Eyni zamanda birinci görüşün səfərdə olması “Makkabi” üçün üstünlük idi. Amma onların da haqqını vermək lazımdır, çox yaxşı komandadır, güclü məşqçiləri, futbolçu heyətləri var. Yaxşı futbol camiəsidir. Baş məşqçinin geri qayıtmasından görünür ki, ambisiyalı klubdur və daha böyük yerlər uğrunda mübarizə aparacaq. Onlara bu yolda uğurlar arzulayıram. Biz isə öz yolumuza davam etməliyik. Bu iki oyun göstərdi ki, komanda daha böyük işlər üçün hazırdır. Gələcəkdə bundan da yaxşı olacağıq”.

- Oyun planı baxımından ilk görüşlə müqayisədə hansısa dəyişikliklər var idi?
- Oyun planında heç bir dəyişiklik yox idi. Öz oyun fəlsəfəmizə sadiq qalmağa çalışdıq. Yeganə fərq onda idi ki, evdəki görüşün ilk dəqiqələrində futbolçularda həyəcan var idi, texniki səhvlərimiz çox idi. Top itkilərimiz oldu və 4 dəqiqə ərzində iki qol buraxdıq. Ondan sonra oyunu çevirməyə cəhd etsək də, alınmadı. Əksinə, daha bir səhv edərək 3-cü qolu buraxdıq. Bu dəfə isə əksinə, futbolçular ilk dəqiqələrdən daha inamlı idilər. Hətta 30-cu saniyədə pressinq tətbiq edərək qol epizodu yaratdıq. Bəlkə də, həmin epizod qolla nəticələnsəydi, uşaqlar daha inamlı olardı və fərqli nəticənin şahidi olardıq.

- Qapıçı Mehdi Cənnətovun çıxışı barədə nə deyə bilərsiniz?
- Mehdi çox yaxşı oynadı. Ümumiyyətlə, təkcə Mehdi yox, bütün oyunçuları fərqləndirmək istərdim, sona qədər mübarizə apardılar. 70-75-ci dəqiqədən sonra bir qədər çətin idi, rəqib dəyişikliklər etmişdi. Biz də əvəzləmələrə əl atdıq ki, əks reaksiya verək. Ancaq “Makkabi”nin dəyişiklikləri daha effektli alındı. Son 10-15 dəqiqədə üzərimizdə üstünlük yaratdılar. Böyük təzyiq olmasına baxmayaraq, futbolçular səhvsiz oynadılar. Hər hansı boşluq yarandıqda Mehdi komanda yoldaşlarını sığortaladı. Hər bir oyunçumu təbrik eləmək istəyirəm.
 

writer photo
Əlirza Əlirzalı
0