"Zirə" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda "DAK 1904"ü məğlub edərək növbəti mərhələyə yüksəlib.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün Olimpiya Oyunlarında ikinci qızıl medalımızı əldə etdik. Çox qürurvericidir. Daha sonra Konfrans Liqasında mərhələ adlayan "Sabah"ı təbrik edirəm. Çox güclü rəqibi keçdilər. Sonda futbolçularıma təşəkkür edirəm. Ağır səfərdən çox vacib qələbə ilə dönürük. Komanda ilk dəqiqələrdən son saniyəyə kimi oyun intizamından qopmadı.
- "Şerif"lə matçdan sonra komandada psixoloji cəhətdən nəyi dəyişdiz?
- "Şerif"lə oyunda da qırmızı vərəqəyə qədər hər şey qaydasında idi. Nəyisə dəyişməmişik, eyni iş rejimi ilə davam edirdik. Psixoloji cəhətdən futbolçulara deyirdim ki, son illərdə 7 dəfə avrokubokların qrupunda oynamış komandanı səfərdə məğlub etmişik, evdə qırmızı vərəqə alana qədər hesabda öndə olmuşuq. Avrokuboklarda bir əksik özünü çox hiss etdirir. Futbolçulara real vəziyyəti izah etməyə çalışırdım.