Rəşad Sadıqov: “Hakimlərimiz blokla bağlı tədbir görməlidir”
06.10.2024 - 20:12
Rəşad Sadıqov: “Hakimlərimiz blokla bağlı tədbir görməlidir”

Misli Premyer Liqasının IX turunun "Turan Tovuz" - "Zirə" matçından (1:0) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı idi. Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandıq. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək".

- İlk hissədəki tempi saxlamağa nə çatmadı?
- Mənim üçün də bu dəqiqə maraqlıdır ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik. Pressinqi aşağı saldıq, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Top itkilərinin çoxu süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cürə bu stadiona adaptasiya ola bilmirdi. Texnikalı itkilər oldu. Bu da rəqibə üstünlük verir. 60-65-ci dəqiqədən sonra rəqibə üstünlüyü verdik.

- İkinci qoldan sonra emosional davrandınız. Şəhriyar Əliyevlə aranızda nə olmuşdu?
- Mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdıyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı, onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısınız təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının qırmızı almasına nə ehtiyac var? Belə, başqa heç nə.

- Milli fasilə ilə bağlı planlarınız necədir?
- Həmişə olduğu kimidir. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də "Sabah"la oyunumuz var. Ona hazırlaşacağıq. Üst-üstə bizi səfər oyunları gözləyir, hamısı da iddialılardır.

- Qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi? 
- Epizodu görməmişdim. Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər "Sabah" bloklardan çox istifadə edirdi. İndi isə "Turan Tovuz" daha çox istifadə edir. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm, onlardan blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş olardı. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdusa, biz də qoyaq. Bəzi komandaları edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidir, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq "iped" vasitəsilə. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdır, sən orada başqa cür görürsən.

writer photo
Əlirza Əlirzalı
0