Misli Premyer Liqasının 4-cü turunun "Zirə" - "Qarabağ" (1:3) matçından sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov oyun barədə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, Sadıqov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun bizim üçün yaxşı başladı. İlk qol epizodunu biz yaratdıq, amma son nöqtəni qoya bilmədik. Rəqib standart vəziyyətdən qollar vurdu. Buna rəğmən futbolçularım meydanda yaxşı döyüşdü, fasiləyə kimi qol vurduq. Ümumi götürəndə son oyunlarımızı nəzərə alsaq, futbolçularımın performansından razıyam. Onlara təşəkkür edirəm.
- Çempionluq uğrunda mübarizə apara biləcəksiz?
- Realist olmalıyıq. Bu gün "Qarabağ" bütün klublardan hərtərəfli fərqlənir. Amma son tura qədər mübarizə aparacağıq.
- "Zirə"dən yığmaya dəvət olunan oyunçularınız barədə nə deyərdiz?
- Futbolçularım avrokuboklarda yaxşı çıxış etdilər. Sevindirici haldı ki, milliyə 5 futbolçu dəvət alıb. Ölkənin əsas komandasında yeni baş məşqçi var, düşünürəm ki, futbolçularımın oyunlarını o da diqqətlə izləyib.
- Elçin Əlicanov müdafiədə Ruanla nə vaxt yaxşı duet təşkil edəcək?
- Futbolçuları müqayisə etməyi düzgün hesab etmirəm. Elçin çox istəkli, üzərində çalışan oyunçudu. Hazırda heyətimizdə zədəlilər var deyə, bəzən Elçini dayaq yarımmüdafiəçisi kimi də sınayırıq.
- Transferlər gözlənilirmi?
- Danışıqlar apardığımız oyunçular var. Ümid edirəm ki, bizə layiq olan futbolçuların keçidini alındıra biləcəyik.
- Hazırda çempionatda hansı klubların müsbət mənada sürpriz etdiklərini düşünürsüz?
- "Turan Tovuz" ilə "Şamaxı"nı daha çox qabardardım. Hər iki komandanın seleksiya işləri yaxşıdır. Ayxan Abbasovun gördüyü işləri, fədakarlığını xüsusi qeyd edərdim. I Liqadan gələn klubu hazırda elitada döyüşkən komandaya çevirib. Eləcə də digər komandalar da pis deyillər. Hətta, bu gün maddiyata görə axsayan "Kəpəz" də irəlidə bütün komandalara başağrısı ola bilər. Hazırda Gəncə təmsilçisinə Azər Bağırov kimi mütəxəssis gəlib və "sarı-göylər"də tərəqqi görünəcək.