Romao: “Arzum idi ki, Marseloya qarşı oynayım”
14.10.2022 - 00:28
Romao: “Arzum idi ki, Marseloya qarşı oynayım”

“Çətin oyun olacağını əvvəldən bilirdik. Həqiqətən də çətin matç oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Julio Romao deyib.

O, Avropa Liqasının qrup mərhələsinin IV turunun “Olimpiakos”la görüşü barədə fikirlərini jurnalistlərə açıqlayıb: “Yunanıstandakı ilə müqayisədə bir az fərqli oyun alındı. Rəqibə hörmətlə yanaşırdıq. Böyük tarixi olan komandadır. Matçı qələbə ilə də bitirə bilərdik. Bunun üçün şansımız da oldu. Alınmadı. Gələcəyə baxmaq, üzərimizdə işləmək lazımdır. Ümid edirik ki, qarşıdakı matçlarda da yaxşı nəticələr qazanacağıq”.

Julio 4 oyunda 7 xal toplanılmasını yaxşı nəticə hesab edir: “Ümumilikdə götürəndə pis nəticə deyil. Daha çox xal yığa bilərdik. Amma çalışmalıyıq. Yaxşı olacağına ümid etməliyik”.

Romao həmyerlisi Marselo ilə meydanda üz-üzə gəlməsindən də danışıb: “Marselo ilə şəxsi tanışlığımız yox idi. O da, mən də Rio-de-Janeyrodanıq. Həm də nəzərə alaq ki, bir futbol əfsanəsidir. Mən çox qürur duyuram. Çünki artıq az da olsa məni tanıyır. Həm də ona qarşı oynadığım üçün şərəf duyuram. Bütün idmançılar karyerasına başlayanda olduğu kimi mənim də arzum var idi ki, bir gün əfsanəyə qarşı oynamaq imkanı qazanacağam. Amma belə tez olacağını bilmirdim. Mən “Santa Klara”da idim. Mövsüm öncəsi belə təklif gəldi. Ötən həftə, bu həftə ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə sürətlə cərəyan edəcəyini gözləmirdim”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç 0:0 hesabı ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0