Ötən mövsümü İsraildə “Hapoel Hayfa” klubunda keçirmiş və ötən həftə “Araz-Naxçıvan”a keçən Felipe Santos Apasport.az saytına müsahibə verib.
- “Araz Naxçıvan”ın məşqlərinə artıq qatılmısan. Türkiyədə hazırlıq necə gedir, sizi narahat edən nəsə var?
- Türkiyədə hazırlıq çox yaxşı keçdi. Bəli, mən də orada komandaya qoşuldum. Məncə, komandamız çox güclüdür. Özüm də bu komandada yer aldığım üçün çox şadam. İnanılmaz bir mövsüm keçirəcəyimizə ümid edirik. Hər şeyin yaxşı olacağına ümid edirəm.
- “Araz-Naxçıvan”da kimləri tanıyırdın? Kimlə daha yaxşı münasibətin var?
- Mən burada olan bir çox oyunçunu, məşqçilər korpusunu, həmçinin prezident daxil olmaqla, idarə heyətini tanıyıram. Ona görə də özümü evdəki kimi hiss edirəm. Düzü, bu da adaptasiyanı gücləndirir. Çoxlu braziliyalı və portuqaliyalı oyunçularımız var. Buna görə də çox xoşbəxtəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- “Araz-Naxçıvan” yeni mövsümdə hansı nəticələr göstərə bilər? Avrokuboklar realdır?
- Ən yaxşı mövqedə yer almaq üçün əlimizdən gələni edəcəyik. Artıq Azərbaycanda olduğum sonuncu klubda təcrübəm var idi. Ölkə kubokunu qazanaraq, avrokuboklara yollanmışdıq. Futbol çox dinamikdir, ona görə də hər şey ola bilər. Təəccübləndirəcəyimizə ümid edirik.
- 2024/2025-ci il mövsümünün açılış turu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçiriləcək. Bunu sizin üçün müsbət hal hesab edirsiniz? Mövsümün ilk oyununu keçirəcəksiniz...
- Biz rəqib seçməmişik ki, “Qarabağ”ın keyfiyyətini bilirik. Amma bizim də əla oyunçularımız var. Bu matçı səbirsizliklə gözləyirik. Bu, hər iki komandanın çempionatda start oyunu olacaq. Ona görə də biz qələbəni rəqibdən daha çox istəməliyik.
- Rəqib “Qarabağ”dır. Onları məğlub etmək realdır?
- Futbol hər şeydə olur, çempion olanda “Qəbələ”nin heyətində “Qarabağ”ı kubokda mübarizədən kənarlaşdırmışdıq. Üç oyunda onlardan yaxşı oynamışdıq. Biz qalib gəlmək istəməli və özümüzü bu oyuna həsr etməliyik. Yalnız bundan sonra böyük nəticələrə yaxınlaşacağıq. Çempionluq ilk oyunda həll olunmur. Qarşıda çoxlu oyunlar olacaq.
- “Qarabağ” indi daha güclüdür, yoxsa əvvəllər güclü idi?
- Bilmirəm. Amma onların əla oyunçuları var. Əla komandadır, sadəcə belə. Bizdə də keyfiyyət var və təəccübləndirə biləcəyimizi düşünürəm.
- “Araz Naxçıvan” ev oyunlarını Naxçıvanda deyil, Bakıdakı “Dalğa Arena”da keçirir. Azarkeşlər də belədə çox olmur. Bu barədə nə deyəcəksən?
- Bu, təkcə “Araz-Naxçıvan”ın yox, Azərbaycanın bütün klublarının problemidir. Demək olar ki, ölkə əhalisindən bizə dəstək yoxdur. Nə deyim, bəlkə də ölkədə futbol o qədər də sevilmir. Amma biz tribunada 20 min, yoxsa 20 azarkeşin oturmasından asılı olmayaraq, oynamalıyıq. Amma klubu sevən və dəstəkləyən hər zaman adamlar var.
- Ötən mövsümü İsraildə keçirdin. İki gündən sonra isə yaxşı tanıdığın “Makkabi" və "Sabah" komandaları üz-üzə gələcək. Səncə, hansı komanda qalib gələcək? “Makkabi”yə qarşı oynadığın üçün “Sabah”a köməklik edib hansı önəmli detalı açıqlaya bilərsən?
- “Sabah” üçün çətin oyun olacaq. Rəqib İsrailin ən böyük komandasıdır. Onlar hər il Avropada oynayır, səviyyə yüksəkdir. Amma futbolda hər şey ola bilər. Favorit “Makkabi”dir. “Sabah”ın qalib gəlməsi üçün onlar ağıllı oynamalı və cinahları kəşf etməlidirlər. Onları “Hapoel”in heyətində bu cür məğlub etmişdik. Səfərdə qalib gəlmişdik. “Makkabi” və “Sabah” komandalarının görüşü də əla oyun olacaq.