“Qarabağ” Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara biləcək gücdədir. Emin Mahmudovun bu barədə fikirləri səhv deyil”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis “sports.ru”ya müsahibəsində Azərbaycan çempionu “Qarabağ”ın gücündən danışıb: “Mən bura gələndən bir neçə ay sonra bunu soruşanda demişdim ki, Ağdam klubu Rusiya çempionatında ilk 3-4 yerdən birini tutacağı dəqiqdir. Amma indi görürəm ki, 100 faiz çempionluq üçün mübarizə apara bilər. “Şerif”in “Real”ı udduğu oyunda ispaniyalılar dominantlıq edirdi. Moldova klubu sadəcə imkanlardan yararlandı. Əgər siz “Qarabağ”ın Avropada son oyunlarında “Olimpiakos” və “Nant”la qarşılaşmalarına baxsaz, onların gücünü görərsiz. Onlar avtobus qoyub əks-hücum futbolu oynamır. “Qarabağ” maksimal dərəcədə aktiv cinahlarla dörd müdafiəçi ilə meydana çıxır. Onlar Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Rəqiblərini sadəcə üstələyiblər”.
Musayev Ağdam klubunun gücünün nədən ibarət olduğu barədə sualı da cavablandırıb: “Klubun sabit strukturu var, bir məşqçi 14 ildir çalışır. Orada hər şey kərpic-kərpic qurulur. 9 ildir avrokubokların qrupunda oynayır. Onların modeli mənim vaxtımda “Krasnodar”ın oynadığına bənzəyir. Hücumçular çox sıx oynayır, cinaah müdafiəçiləri Petrovla Kaleşin kimi çox aktiv olur. Qaçır, kombinasiya edirlər. Ən vacibi isə onların iki heyəti var. Biri ilə Avropada oynayırlar, üç gün sonra Azərbaycanda heç bir keyfiyyət itkisi olmadan meydana çıxırlar. Məsələn, “Ferensvaroş”la görüşdə Kadi yox idi. O, komandanın hərəkətverici qüvvəsidir. İki mərkəz müdafiəçisi yox idi ki, biri kapitan, digəri çox güclü oyunçudur. Amma yenə mərhələ keçdilər. Rusiya ilə müqayisədə böyük olmayan pullara çox keyfiyyətli oyunçular alırlar”.