Azərbaycan millisinin və “Qarabağ”ın sabiq baş məşqçisi Şahin Diniyev apasport.az saytına müsahibəsi
- Ölkə çempionatında XVI tur başa çatdı. Turun mərkəzi görüşündə "Qarabağ" "Neftçi"yə 4:0 qalib gəldi. Oyunun bu hesabla başa çatacağını gözləyirdizmi?
- Bu oyundan qabaq fikirlər haçalanmışdı. Hər halda, "Qarabağ"ın qalib gəlməsi daha inandırıcı görünürdü. Ancaq onlar son iki oyunda xal itirmişdi. Futbolçuların üç cəbhədə vuruşmasına görə eniş də başlamışdı. Premyer Liqa, avrokuboklar və milli komandada oynayırdı futbolçular. Yorğunluq normaldır. "Zirə" və "Sabah"la matçlarda xal itkisi, sanki "Neftçi" üçün şansın olduğunu göstərirdi. Ancaq "Neftçi" özü də ideal formada deyildi. "Səbail"ə qalib gəlsələr də, oyun baxımından axsamaları var. 16 tur keçməsinə rəğmən, təəssüf ki, "Neftçi"nin oyununu tapdığını hələ deyə bilmirik. Bu, məyusedici faktdır. Oyundan qabaq gözləntilər bu idi ki, “Neftçi” "Qarabağ"ın bu eniş dövründə bəlkə də, maksimum istifadə edər. Amma Qurban Qurbanovun komandası ağıllı oynadı, imtahandan çox gözəl çıxdı. "Sabah" və "Zirə" ilə matçlardakı yorğunluq sanki qalmamışdı. “Qarabağ"da motivasiya daha güclü idi. Onlar "Neftçi"ni hər cəhətdən üstələdi. Düzü, indiyə qədər bu cür aciz "Neftçi" görməmişdim. "Qarabağ" ilk dəqiqələrdən sona qədər dominantlıq etdi, "Neftçi" dişini göstərə bilmədi. “Neftçi”nin yüksək səviyyəli futbolçuları "Qarabağ" qarşısında aciz qaldılar. Nəticədə, "Qarabağ" layiqli oyunla üç xalı əldə etdi.
- "Qarabağ" son iki turda xal itirsə də, "Neftçi" önündə dinamik futbol oynayaraq qələbə qazanmağı bacardı. Ağdam klubunun qələbəsi uğursuz çıxışı geridə qoyduğunu, özlərinə gəldiyini göstərir?
- Oyun göstərdi ki, yorğunluq geridə qalıb. Bütün komandalarda eniş dövrü baş verə bilər. Həmin dövrdən isə qısa zamanda çıxmaları vacibdir. Aparıcı oyunçulardan çox şey asılı olur. Həm Kadi Borges, həm Abdullah Zubir, həm də Ramil Şeydayev oyunu ilə komandasına ruh verdi. Onların fonunda bütün futbolçular yaxşı oynadılar, daha dinamik idilər.
- "Qarabağ"ın çempionluq mübarizəsində əsas rəqiblərdən sayılan "Sabah"ın "Şamaxı" ilə görüşdə 1:1 oynaması haqda fikriniz necədir? Sizcə, Murad Musayevin komandası niyə qələbə qazana bilmədi?
- "Sabah" da axırıncı oyunlarda çətin qələbələr qazanır. "Şamaxı" və "Turan Tovuz" səfərlərində də son dəqiqə qolları ilə qələbə qazanmışdılar. Artıq rəqiblər "Sabah"ı analiz edib, onlara qarşı hazırlaşmağı bacarır. Bu komandaya böyük zona lazımdır ki, sürətli hücumlara çıxsınlar. Onların elə ən böyük üstünlüyü də, müdafiədən hücuma sürətlə çıxması və rəqibi azlıqda saxlamasıdır. Oturuşmuş müdafiəni yarmaq onlar üçün çətindir. Nəsə tapmalıdırlar ki, sıx müdafiəni yarmaqda çətinlik çəkməsinlər. "Sabah" müdafiədən hücuma yaxşı keçir, çoxalır, rəqibi azlıqda tutaraq qollar vurur. "Şamaxı" isə onları birinci zonada qarşıladığı üçün boş zonalar yaranmırdı. Belədə onların işi çətinləşirdi.
- Demək olar ki, çempionluq mübarizəsi "Qarabağ"la "Sabah" komandalarının aralarındakı oyunda həll olunacaq?
- Əlbəttə, demək olar. Ancaq istənilən halda, mən inanmıram ki, "Qarabağ" çempionluğu kiməsə versin. Qarşıda 20 tur olsa da, belə oyun, belə yanaşma və nəticə ilə "Neftçi"nin "Qarabağ"a qarşı çempionluq mübarizəsi aparması çox çətin olacaq. "Sabah" hardasa mane olmağa çalışacaq. Amma görünən budur ki, "Qarabağ" stabildir. Onlar hansısa dövrdə 1-2 oyun zəif oynaya bilər, lakin bütün çempionatı eyni tonda keçirir. Düşünmürəm ki, "Neftçi" və ya "Sabah"a "Qarabağ"a problem yaratsın.
- Oğlunuzun formasını geyindiyi "Zirə" ölkə kubokunun 1/8 finalında "Neftçi" ilə üz-üzə gələcək. "Ağ-qaralar"da ümumi durumun yaxşı görünmədiyini nəzərə alsaq, Rəşad Sadıqovun 1/4 finala adlamaq şansını yüksək qiymətləndirmək olar?
- "Zirə" son oyunlarda "Neftçi" ilə çətin matçlar oynayır. “Neftçi” də ideal formasında deyil. "Qarabağ"dan alınan 0:4 hesablı məğlubiyyət topralanmaları üçün böyük dönüş nöqtəsi ola bilər. Artıq itirəcəkləri nəsə qalmayıb. Çempionluq yarışından qopdularsa, kuboku qazanmaq üçün maksimumu edəcəklər. Çünki mövsümü titulla başa vurmağın tək yolu budur. Buna görə də, "Zirə" ilə oyuna yüksək motivasiya ilə gələcəklər. "Zirə" üçün də çətin olacaq. Amma onlar kubok komandası kimi püxtələşib. İki oyunun nəticəsinə görə öz oyununu quracaq. "Zirə" stabil və yaxşı oynayır. Komanda topu özündə saxlayaraq, sonda istəyinə çatır. Çox maraqlı oyun olacaq. Məncə, elə 1/4 finalın ən maraqlı cütündən danışırıq. "Zirə"nin indiki "Neftçi"ni keçmək şansı var. Ancaq "ağ-qaralar" da dayanmayacaq. Son titul üçün hər şeyi edəcək.
- Dünya çempionatının favoritlərindən hesab edilən, Azərbaycan millisinin AVRO-2024-dəki rəqiblərindən Belçika millisi qrupda qaldı. Necə düşünürsüz, Azərbaycan millisi hazırkı Belçika yığması ilə görüşlərdə uğurlu nəticəyə ümid edə bilər?
- Belçikada "qızıl nəsil" var idi. Onlar Avropa və dünya çempionatlarında oynadılar. Qətərdəki mundial isə onlar üçün son şans idi. Yəqin ki, bu nəslin də sonudur. Onlar böyük dəyişikliyin astanasındadır. Artıq ilk addım atılıb, baş məşqçi istefa verib. Yeni məşqçi dəvət olunacaq. Demək ki, yeni planlar, yeni fikirlərlə gələcək. Amma kim gəlirsə-gəlsin Belçika futbolunda taktika heç vaxt dəyişmir. İcraçılar dəyişə, yeni oyunçular dəvət oluna bilər. Belçikada yetərincə səviyyəli oyunçular var. Yaşlı futbolçuların gedişi gözlənilir. Amma məncə, Kevin De Brüyne milliyə kömək edəcək gücdədir. Bizim onlarla görüşümüzə gəldikdə, “qalib gəlmək şansımız var” kimi sözlər, pafosdur, reallıq deyil. Eden Azar, Romelu Lukaku getsə belə, onların əvəzinə zəif oyunçu gəlməyəcək, daha güclü Belçika gələcək. Ona görə də, onlar həmişə favoritdir.