“Səbail”in baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Qısa müddətdir ki, komandaya rəhbərlik edirsiz. Görüləcək işlər çoxdur?
- Əlbəttə, görüləcək işlərimiz çoxdur. Komanda turnir cədvəlində 10-cu pillədədirsə, avtomatik olaraq problemlərin çoxluğundan xəbər verir. Ona görə də, demək olar ki, görüləcək işlərimiz çoxdur.
- “Səbail” klublarımız arasında yoxlama görüşünə ən tez start verən komanda oldu. "Legiya"ya qarşı matçı pis oynamadınız. Bəs siz özünüz oyunu komandanız üçün necə dəyərləndirirsiniz?
- Biz bu oyuna yox, sırf çempionatın ikinci yarısına hazırlaşırdıq. Komanda plan üzrə daha çox funksional hazırlığı yerinə yetirilməsinə can atır. Oyun günü də məşq etmişdik. "Legiya" ilə matçın nəticəsi mənim üçün çox da vacib deyildi. Amma futbolda nəticə də lazımdır. Matç gözləmədiyimdən də yaxşı keçdi, futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Bizim fəlsəfəmizə uyğun futbol oynadırlar. Bu cür nəhəng komanda ilə başabaş oynamaq yaxşıdır. Özü də "Legiya" Dubay toplanışı keçdikdən sonra ikinci toplanış üçün Türkiyəyə gəlmişdi. Biz isə 4 gün idi məşq edirdik. Heç taktiki sarıdan çox da məşğul olmamışdıq. Oyun günü 20-25 dəqiqə danışdıq. Futbolçular da istədiyimizi həyata keçirməyə çalışdı. Şadam ki, futbolçularda qavrama qabiliyyəti yüksəkdir, potensialları olan oyunçulardır.
- “Legiya” kimi komanda ilə yoxlama görüşü olsa belə, 2:2 oynamağınız kollektivə və sizə motivasiya verir?
- Hesab bizi aldatmamalıdır. Bir oyunla klub uğur qazanmır. Qeyri-rəsmi oyundur. Amma bu geridə qaldı. Təbii ki, Polşanın lideri ilə Azərbaycan çempionatının sonuncu pilləsində qərarlaşan komandanın oyununda fərq böyükdür. Amma meydanda bu görünmədi. Futbolçularım meydanın hər qarışı uğrunda mübarizə apardı, bir yumruq kimi birləşdilər. Bu da məni çox sevindirdi.
- Beş ildən sonra yenidən baş məşqçi kimi işə başladınız. Özünüz də yəqin ki, darıxmışdınız işləmək üçün? Yenidən Premyer Liqa həyəcanına hazırsınız?
- Deməzdim ki, beş il işləməmişəm deyə, nəsə yadımdan çıxıb. Geridə qalan beş ildə futbolçun içində olmuşam, başqa sahəyə getməmişəm. Hər zaman aşağı yaş qruplarından ibarət yığmalardan tutmuş əsas milliyə qədər oyunları yaxından izləmişəm, çempionat matçlarına baxmışam. O vaxtım da deyil ki, həyəcanlanam, nəyəsə reaksiya verməyə çalışam. Sakit, təmkinli şəkildə hazırlaşacağıq. Düşünürəm ki, hər şey yaxşı olacaq. Məşqçi meydança üçün darıxmalıdır. Hər zaman oranı istəməlidir. Bu bizim işimizdir. İnsan sevdiyi işlə məşğul olanda özünü xoşbəxt hiss edir. Komandasına uğur qazandırırsa, göstərdiyi işə görə xoşbəxtlik yaşayır.
- Özünüzlə bərabər oğlunuz Kərimi məşqçilər korpusuna cəlb etməyiniz nədənsə bəziləri tərəfdən sanki xoş qarşılanmadı. Bu haqda fikriniz necədir?
- Bunu qabartmağa ehtiyac görmürəm. O, futboldan gələn şəxsdir. İllərlə futbol oynayıb, 6 aydır ki, məşqçidir, C kurslarını uğurla başa vurub. Biliyi var, ingilis dilini bilir, futbolçularla yaxşı kontakdadır. Kompüter və məşq proseslərində yaxın yardımçımdır. Təkcə o deyil, Fuad Əsədov, Elmir Xankişiyev, Azər Məmmədov hamısı yaxşı məşqçilərdir. Özü də işləyəndirlər. Hər biri öz işinə məsuliyyətlə yanaşır. Onlara özüm qədər inanıram. Məşqçilik fəaliyyətində ən vacib amillərdən biri, köməkçilərin etibarlı və işini bacaran olmasıdır. Oyunları analiz edən məşqçimiz var - Zaur. Onların hər biri mənim üçün böyük işlər görürlər. Bu qısa müddətdə gördükləri işləri məni tam qane edir.
- "Səbail"in heyətində dəyişikliklər çox olacaq? Bu qış neçə transfer etməyi planlaşdırırsınız? Dario Frederiko və Klesio Baukun keçidinin alınmaması nə ilə bağlıdır?
- Qış “transfer pəncərəsi”ndə yaxşı futbolçu tapmaq çox çətindir. Qışda yaxşı futbolçu çox az olur, demək olar ki, 2-3 faiz. Klublara lazım olan futbolçunu gətirmək də düzgün çıxmır. Ola bilər ki, yaxşı futbolçu da klubunda məşqçi, rəhbərliklə insident yaşayır deyə, ayrılır. O da az faiz. Yaxşı futbolçu tapmaq çox risklidir. Əvvəldən də, demişdim ki, iki-üç mövqeni gücləndirmək lazımdır. Həmin mövqenin birini Adil Nağıyevlə bağladıq. Bir vinger axtarırıq. Olsa, daha yaxşıdır. Olmasa belə, bu heyətlə davam edəcəyik. "Legiya"ya qarşı oyun məndə belə əhval-ruhiyyə yaradır ki, futbolçularımın potensialı çox böyükdür. Hazırlıq başlayandan 4-5 gün sonra belə futbol oynaya bilirlərsə, deməli potensialları yüksəkdir. Məşqdə də özlərini yaxşı tərəfdən göstərirlər. Bu komandaya inanıram, futbolçulara etibar edirəm. Bəli, Dario Frederiko məsələsi gündəmdə idi. Amma məsələ açılan kimi də, dərhal söhbət bağlandı. Çünki onun Tanzaniya klubu ilə üç illik müqaviləsi var idi. Problemlər olduğuna görə gəlişi alınmadı. Klesio Baukun məsələsi isə mən bura gəldiyim dönəmdə olmayıb.
- "Səbail" turnir cədvəlinin son pilləsində olsa da, ölkə kubokunda yarımfinala vəsiqə qazanıb. Rəqibiniz "Qəbələ"dir. Necə düşünürsüz, iki cəbhədə uğur qazanmaq üçün lazımı heyətə maliksiz?
- Çalışmalarımız ondan ötrüdür ki, "Səbail" son pillədən canını qurtarsın və rahat nəfəs ala bilsin. İlk növbədə bunu düşünürəm. İkinci növbədə isə düşüncəmiz kubokdur. Klub sonuncu pilləni tutub, kuboku götürəcəksə, buna ehtiyac yoxdur. İnkişaf üçün sonuncu pillədən qurtulmalıyıq. Hər bir oyuna son matç kimi çıxacağıq. Yarımfinaldakı görüşlərimiz də buna aiddir. "Qəbələ"nin potensialı bizdən çoxdur. Həm büdcə, həm də futbolçu baxımından. Futbolda hər şey olur. İki yol varsa, maksimum çalışacağıq. Proqnozlar "Qəbələ"dən yanadır. Amma proqnozlar hərdən doğrulmur. Hər iki cəbhədə vuruşacağıq. Başqa variantımız qalmayıb. Ən əsas məqsəd isə turnir cədvəlinin son pilləsindən qurtulmaqdır.