“Qarabağ” Avropa Liqasının V turunun “Nant”la oyununda qalib gəlsə, bu qarşılaşma Azərbaycan futbolu tarixinə düşəcək.
Apasport.az saytının məlumatına görə, Fransadakı matç səfərdə əldə olunacaq 50-ci qələbə kimi yadda qala bilər.
Bunun üçün Qurban Qurbanovun yetirmələri rəqib meydanında qalib gəlməlidir. İndiyədək Azərbaycan klubları səfərdə 202 matç keçirib.
Bu qarşılaşmalarda 49 qələbəsi olan təmsilçilərimiz 36 heç-heçə edib və 117 dəfə uduzub. Rəqib meydanındakı qələbələrin yarıdan çoxu “Qarabağ”dadır.
Ağdam klubu 25 dəfə səfərdən sevinclə qayıdıb. Ümumilikdə 9 komandamız meydan sahiblərini məğlubiyyətə uğradıb. “Neftçi” və “Şamaxı” hərəyə 8, “Qəbələ” 3, “Bakı”, “Karvan”, “Kəpəz”, “Xəzər Lənkəran” və “Zirə” bunu bir dəfə bacarıb.
Qeyd edək ki, ilk səfər qələbəsi də “Qarabağ”ın hesabındadır. Ağdamlılar 1999-cu il iyunun 20-də İsraildə Hayfa “Makkabi”sini 2:1 hesabı ilə üstələyib.