“Şahin Diniyev bu il komandanı özü yığdı. Nəticələr isə göz qabağındadır”
Bu sözləri apasport.az saytına açıqlamasında veteran futbolçu Ramiz Məmmədov bu gün baş tutacaq “Kəpəz” “Səbail” matçı barəsində danışarkən deyib.
O, hər iki komandanı yüksək qiymətləndirib: “Bu, Adil Şükürov üçün debüt sayılacaq. İlk növbədə Adil Şükürov və onun ətrafında olan məşqçi heyətini "Kəpəz"ə gəlişləri münasibətilə təbrik edir, uğurlar arzulayıram. İnanıram ki, oyunda da bunu hiss etmək olacaq. Kimin udacağını tam dəqiq deyə bilmərəm, hər iki komanda bizim üçün önəmlidir”
55 yaşlı mütəxəssis “Səbail”in indiyə qədərki çıxışlarına əsasən, daha çox şansı olduğunu deyib: "Səbail" komandası bu mövsüm Premyer liqada yaxşı çıxış edir. Şahin Diniyev komandanı özü yığdı. Nəticələr isə göz qabağındadır. Eləcə də "Qarabağ"la gözəl oyun oynamışdılar. Kimin qazanacağını oyun gostərər, bu futboldur hər şey ola bilər. Hər iki komandaya uğurlar arzu edirəm. Fikrimcə, şanslar "Səbail"in yanında olacaq. Zədəsiz, cəriməsiz hər iki komandaya yaxşı oyun arzu edirəm”.
Qeyd edək ki, Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Səbail” “Kəpəz”i qəbul edəcək. “ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da start götürəcək. “Dənizçilər” 21 xalla 4-cü, “Kəpəz” 9 xalla 9-cu pillədə qərarlaşıb.