Şahin Diniyev: "Layiqli futbol oynaya bilmədik"
02.12.2023 - 18:57
Şahin Diniyev: "Layiqli futbol oynaya bilmədik"

Misli Premyer Liqasının XV turunun açılış oyununda "Araz-Naxçıvan" "Səbail"lə son dəqiqələrdə buraxdığı qolla bərabərə qaldı.

Apasport.az xəbər verir ki, matçdan sonra "Səbail"in baş məşqçisi Şahin Diniyevin iştirakı ilə mətbuat konfransı keçirilib. 

Təcrübəli məşqçi əvvəlcə oyun haqqında fikirlərini bildirib.

"Oyun gərgin və əsəbi şəkildə getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk yarıda 15 dəqiqə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və bundan sonra komanda toparlana bilmədi, əsəbi futbol oynayırdı. Bacardıqlarını da edə bilmirdilər. Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komandamız batalığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, onlarda psixoloji durumdan onlarda sakitlik yaradım. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaranırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm".

- Oyuna görə bir xala çox şükür edirsiz?

-Məni tanıyırsız da. Biz bir xalı qazandıq.

-İlk dövrədə də "Araz-Naxçıvan"a qalib gəlmişdiz. Ancaq elə də yaxşı oynamamışdız. Bu gün də, demək olar ki, yaxşı deyildiz. Səbəb nədir?

- 15 oyunu analiz edəndə, pis oyunumuz 3 dənədir. "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyun. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavabını verə bilməyəcəm. Nə desəm, yalan olacaq. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik.

- Aleksandr Ramalinqom haqda fikriniz necədir? "Zirə" ilə matçdan sonra ondan narazılıq etmişdiz. Bu gün də, o qədər aktiv deyildi... 

- Bilirsiz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, ən böyüyü özüməm. Bu futbolçuların  zədəli olması, yenidən qayıtması, Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədovun olmaması, Yusif Nəbiyev zədəli-zədəli, David Qomis isə ağrıkəsici vurulara qoynayır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, bir həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik.

writer photo
Əlirza Əlirzalı
0