Şahin Diniyev yenidən “Kəpəz”də
29.08.2022 - 15:46
Şahin Diniyev yenidən “Kəpəz”də

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi növbəti dəfə Şahin Diniyevə tapşırılacaq.

Misli Premyer Liqasının ilk 4 turundakı məğlubiyyətin ardından Yaşar Vahabzadəni istefaya göndərən klub rəhbərliyinin bir neçə namizədi var idi. Onlardan sabiq “Səbail”li Aftandil Hacıyevə təklif göndərilsə də, mütəxəssis bəzi məsələlərin müzakirəsinin və dəyişikliklərin vacibliyini vurğulayıb.

Daha sonra Diniyevlə təmasa keçən gəncəlilər hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan 56 yaşlı çalışdırıcı ilə hərtərəfli razılığa gəlib. Rəhbərlik son anda fikrini dəyişməsə, V turda “Qarabağ”la keçiriləcək qarşılaşmanın ardından Diniyev komandanın sükanı arxasına keçəcək. “Kəpəz” – “Qarabağ” oyunu sentyabrın 1-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə “Kəpəz”i çalışdırıb.

writer photo
Əlirza Əlirzalı
0