Samir Abasov: “Fehervar” bizdən bir baş üstün komandadır"
24.07.2024 - 20:14
Samir Abasov: “Fehervar” bizdən bir baş üstün komandadır"

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”a (Macarıstan) qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

– Sabah ağır və maraqlı oyun bizi gözləyir. Öz meydançamızda oynayırıq, azarkeşlərimizin də stadionu dolduracağını düşünürəm. İlk oyunumuzdur. Bilirik ki, ağır olacaq. Vacib görüşdür. Bir il bunun üçün mübarizə aparıb, gücümüzü qoymuşuq. İnşallah, sabah ümidləri doğrultmaq niyyəti ilə meydana çıxacağıq. Çətindir, amma inanıram ki, maraqlı oyun olacaq.

– Yayılan xəbərlərə görə, “Fehervar”da ciddi dəyişikliklər olub. Altı futbolçusu komandanı tərk edib, sponsor dəstəyini çəkib. Bunların fonunda sabah onlara qarşı başa-baş oynaya biləcəksiz? 

– Rəqibdə baş verən proseslərə köklənməmişik. Onların necə çətin komanda olduğunu bilirik. Rəqibi təhlil edəndə görmüşük ki, bizim üçün necə ağır komandadır. Dəyişikliklər olubdur, amma gedənlərə yox, gələnlərə baxmalıyıq. Öz oyunumuz, diqqətimiz vacibdir.

– Sabah onları nə ilə təccübləndirəcəksiniz?

– Onların yoxlama oyunlarına baxmışıq. Yeni baş məşqçiləri olsa da, sistemləri dəyişməyib. Onları necə təəccübləndirəcəyimizi oyun göstərəcək. Bütün diqqətimiz öz oyunumuzda olmalıdır.

– “Sumqayıt” hələ avrokuboklarda qələbə qazana bilməyib. Bu tilsimi qıra biləcəksiniz?

– Düşünürəm ki, sabahkı oyundan daha önəmlisi cavab görüşü olacaq. Sabah bir-birimizi tanıyacağıq. Təhlillər aparmışıq. Əvvəlki səhvlərin təkrarlanmaması üçün oyuna ciddi yanaşmalı, diqqətli olmalıyıq. Sabahkı oyun həlledici olmayacaq.

– Rəqib təyyarənin gecikməsi səbəbindən bugünkü məşqinə çıxmayacaq. Bu, necə təsir edəcək? 

– Bu haqda düşünmürəm. Bir məşqə çıxmamaq bir komandaya böyük təsir göstərməz. Bunlar bizim üçün faktor olmamalıdır. Öz oyunumuzu düşünəcəyik.

– Rəhbərlik tərəfindən avrokuboklarda qarşınıza hansısa hədəf qoyulubmu və ya düşünürsünüzmü ki, bu heyət 2-3 mərhələ keçməyə kifayətdir?

– Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Ümumiyyətlə, ötən il heç avrokubokları düşünmürdük, amma vəsiqə qazandıq. “Fehervar”la oyunlar bizim üçün böyük təcrübə olacaq. Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Heyət 2, 3 mərhələ keçmək üçün yetərli deyil, amma indi transferlərdən danışılacaq gün deyil.

– Yeni transferlərin performansı sizi qane edir?

– Gedən futbolçular aparıcı oyunçularımız deyildi. Bizə lazım olmayanları göndərdik. Onların əvəzinə daha lazımlı futbolçular gətirdik. Yeni transferlər üçün vaxt lazımdır. Bir neçə oyun lazımdır ki, relsə düşsünlər. Azərbaycana, komandaya uyğunlaşmaları üçün vaxta ehtiyacları var. Yoxlama oyunlarına əsasən futbolçuları qiymətləndirmək düzgün deyil, bunlar aldadıcı ola bilər. Rəqib faktoru da var. “Orenburq”la oyundan sonra bildik ki, onlar günə iki matç keçirir. Oyundan sonra düşündüm ki, onlar Rusiya Premyer Liqasında çətin qalarlar. Amma iki gün sonra çempionatda “Spartak”ı məğlub etdilər.

– Heyətin yetərli olmadığını dediz. Sabah uğur qazanmaq üçün nə etməlisiniz? 

– Futbolçuları rəqibdən uzaq etmişik. Düşünürəm ki, azarkeşlərimizin dəstəyi ilə bacardığımızı ortaya qoyacağıq.

– Rəhbərlik qələbə üçün mükafat ayırıb? 

– Xeyr.

– İsa Sulimanın yoxluğu necə təsir edəcək?

– Son yoxlama oyununda zədələndi. Daha əvvəl nəsə olsaydı, buna hazırlaşardıq. Amma onun son matçda zədələnməsi planlarımızı pozdu. Digər itki isə bəzi oyunçuların fiziki durumu ilə bağlıdır. Bu da sabah bizə mane ola bilər.

– “Neftçi” ilə avrokubok oyunları dönəmində komandada problemlər var idi. O vaxtı “Neftçi”dənsə indiki “Sumqayıt” daha hazırlıqlıdırmı?

– Komanda olaraq daha hazırıq.

– “Fehervar”ı Azərbaycanın hansı komandası ilə müqayisə etmək olar?

– Heç bir klubla müqayisə etməzdim. “Qarabağ” xaric digər klubların hər birindən bir baş üstündür.

writer photo
Əlirza Əlirzalı
0