Samir Abasov: "Sumqayıt"da qaldığıma görə peşman deyiləm"
25.08.2024 - 21:00
Samir Abasov: "Sumqayıt"da qaldığıma görə peşman deyiləm"

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Sabah" - "Sumqayıt" görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda yox, ümumiyyətlə, vəziyyət haqda danışmaq istəyirəm. Futbolçularda yorğunluq var. Həm psixoloji, həm də fiziki cəhətdən belədir. Bəli, 1-2 oyunçu var ki, toplanış keçməyiblər. Bu da oyunda öz təsirini göstərir. Avrokuboklardan gəlmişik. Bir oyunumuz qalıb, daha sonra milli fasiləsi olacaq. Yaxşı dincəlib, bundan sonra yaxşı oynamalıyıq. Futbolçularla da danışıram, onlar yorğunluğu önə çəkir. Çempionatın əvvəlidir. Sabah necə olacağını bilmirik. Deməzdim ki, bu gün göstərdiyimiz oyuna görə futbolçulardan tam razıyam. Oyun haqda danışmaq istəmirəm. Artıq bu matç geridə qaldı. Növbəti görüş haqda düşünməliyik. “Araz-Naxçıvan”la evdəki oyun bundan da çətin olacaq. Avrokuboklarda uduzaraq iştirakını dayandıran ilk komanda biz olduq. Bunun altından çıxa bilməmişik. Futbolçularda onun üzüntüsü, məsuliyyəti var. Bu vaxta qədər top saxlayan komanda kimi seçilirdiksə, bu gün çox top itirdik. Futbolçulara da dedim ki, top itirməsək, öz oyunumuzu oynasaq, qollar vura bilərik. Toplar itiririk. Bunu təkcə yeni gələnlərə şamil etmirəm. Futbolçu yorğunluq hiss edirsə, oyununa təsir edir. Onları başa düşməyə çalışırıq.

- Hesabda öndə oldunuz, ancaq üstünlüyü qoruya bilmədiniz. Nə çatmadı?

- Yorğunluğa görə hesabdakı üstünlüyü qoruyub-saxlaya bilmədik. “Sabah” evdə oynayırdı, birəbir güclü oyunçuları var. Tapşırığımız o idi ki, rəqibin cinah oyunçularını tək qoymayaq. Dayaq yarımmüdafiəçiləri onlara kömək etməli idi. Fernando Madeyros çatdırmırdı və yük digərlərinə düşürdü. “Sabah”ın oyununda görünürdü ki, boşluqlar verirdik, qol vura bilərlər. Fiziki cəhətdən də rəqibə uduzduq. Bununla indi barışmalıyıq. Amma nəticə çıxarmalıyıq.

- Yeni transfer Alan Diası sifariş ərizəsinə nə vaxt daxil edəcəksiz?

- Alanı indi sifariş etmək fikrimiz yoxdur. Onun vəziyyətini bilirik. Bir-iki aya hazır olacaq. Bunu bilirdik. Digər transferimiz, hücumçunun işi ilə məşğul olurduq və bu gün 13:00-a qədər gözləyirdik. Amma nə Özbəkistan Futbol Federasiyasından, nə də AFFA-dan asılı olan məsələ deyil. Sistem olaraq FİFA-dan nəsə yaşandı, ona görə alınmadı. İnanırıq ki, yaxın günlərdə onu da iştirak ərizəsinə daxil edəcəyik. 

- Bilirik ki, mövsümlərarası fasilədə “Neftçi”dən sizə təklif gəlmişdi. Bu gün “Sumqayıt”ın sükanı arxasında qaldığınıza görə peşman deyilsiz?

- Əsla. Ən azından öz şəhərimin komandasıdır, öz şəhərimin komandasının baş məşqçisiyəm. Ona görə heç vaxt peşman olmaram. Bir dəfə təklif gəlibsə, başqa vaxt da təklif gələ bilər. “Sumqayıt”la müqaviləm var idi və komandanı bəzi insanlar kimi qoyub qaçmaq fikrində deyildim. Futbolçularıma inanıram və sona qədər onlarlayam.

- Son üç mövsümdə “Sumqayıt” bu meydanda niyə “Sabah”a qalib gələ bilmir?

- Bilmirdim. Çalışarıq qalib gələk və tilsimi qıraq. O haqda heç düşünməmişik.

writer photo
Əlirza Əlirzalı
0