“Əlbəttə ki, Qəbələyə yaxşı nəticə ardında gəlmişik. Çalışacağıq ki, elə ilk oyundan üstünlük əldə edək”.
Bunu apasport.az saytına “Səbail”in futbolçusu Adil Nağıyev deyib.
28 yaşlı müdafiəçi Azərbaycan kubokunun ilk oyunları çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək matç barədə fikirlərini açıqlayıb. Nağıyev bugünkü səfər görüşü barədə nikbin fikirdə olduğunu gizlətməyib: “Qalib gəlmək istəyirik. Bu futboldur, meydanda necə olacağını demək çətindir. Amma ən yaxşısını etməyə çalışacağıq ki, cavab oyununa üstün qayıdaq. Doğrudur, indi Premyer Liqada son pillədə qərarlaşmışıq. Amma hər iki cəbhədə vuruşacağıq. Çünki həm çempionat, həm də kubok bizim üçün vacibdir”.
Adil Premyer Liqanın autsayderinin I diviziona düşməmək uğrunda mübarizəsinə də toxunub: “Premyer Liqada qalmaq istəyirik, həm də kubokda final oynamaq arzusundayıq. Bununla “Səbail”in tarixinə düşmək istəyirik. Ən yaxşısı üçün çalışacağıq”.
Müdafiəçi rəqibin favorit sayıldığını da etiraf edib: “Əlbəttə, hazırkı durumda şanslar “Qəbələ”nin tərəfindədir. Çünki son oyunlarda daha inamlı çıxış ediblər, güclü rəqibləri məğlub etməyi bacardılar. Amma biz də zəif komanda deyilik. Düzdü, nəticələrimizə yaxşı demək olmaz. Amma çalışacağıq ki, meydanda ən yaxşısını edib, Qəbələdən uğurlu nəticə ilə qayıdaq”.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.